"YouTube" video platformasının "Nokiapoweruser" kanalında qabaqcıl "Nokia 9" smartfonunun və onun üçün iki çexolun videosu dərc olunub.
"ICTnews" Elektron Xəbər Xidməti "Life" resursuna istinadən yazır ki, aksessuarlara görə, smartfon vertikal şəkildə yerləşən qoşa kamera ilə təchiz ediləcək, onların altında isə barmaq izi skaneri quraşdırılacaq. Aşağı yan paneldə "USB-С" çıxışı və mikrofon yer alacaq.
Bundan əvvəl verilən məlumata görə, "Nokia 9" smartfonu səkkiznüvəli "Qualcomm Snapdragon 835" prosessoru, "LG" şirkətinin istehsalı olan 5,5 düym diaqonallı "OLED" ekran, "Samsung" şirkətinin "UFS 2.1" formatlı 128 giqabayt tutumlu quraşdırılmış yaddaş, 3 250 milliamper/saat tutumlu akkumulyator, 5 meqapikselli ön kamera, 13 və 13 meqapikselli sensorlardan ibarət qoşa əsas kamera ilə təchiz ediləcək. Smartfonun "Android 8.0 Oreo" əməliyyat sisteminin idarəetməsi ilə işləyəcəyi bildirilir. Smartfon TA-1005 nömrəsi ilə qeydiyyatdan keçib.
Hazırda "Nokia 9" smartfonunun təqdimat tarixinin naməlum olmasına baxmayaraq onun növbəti ilin əvvəlində "CES 2018" və ya "MWC 2018" sərgilərində nümayişi gözlənilir.