Uşaqlar üçün “Sophia” robotunun analoqu 2018-ci ildə satışa çıxarılacaq
“Hanson Robotics” şirkəti süni intellektli “Sophia” robotunun analoqunun yaradılması üzrə layihəni başa çatdırıb. “Einstein” adlanan layihə uşaqların məktəbəqədər təhsili və onların ümumi erudisiyasının artırılması üçün nəzərdə tutulub. Yeni qurğunun növbəti ildə satışa çıxarılması planlaşdırılır.
“ICTnews” Elektron Xəbər Xidməti “VistaNews” resursuna istinadən yazır ki, fərdi “Einstein” robotu süni intellekt biliklərindən istifadə edərək həm uşaqları öyrətmək, həm də öz-özünə təhsil alma və təkmilləşdirmə bacarığına malikdir.
Məlumata görə, qurğu dünyada ilk insanabənzər “Sophia” robotunun yaradılmasında tətbiq edilən “SingularityNET” platforması əsasında hazırlanıb. Şirkət rəhbərliyi hesab edir ki, yeni layihə gələcəkdə süni intellekt konsepsiyalarının modernləşdirilməsi üçün şərait yaradacaq.
“SingularityNET” platforması hazırda universaldır və “Hanson Robotics” şirkəti tərəfindən “blockchain” süni intellekt alqoritmlərinin hazırlanması üçün təqdim olunub. Kollektiv layihə yaxın gələcəkdə hökumət və transmilli şirkətlərin müdaxiləsi olmadan qlobal “Artificial General Intelligence” beyninin yaradılmasını nəzərdə tutur.