waplog

LOURENS ELLİSON: “Həvəskar pilot, ən yüksək gəlirli top-menecer”


Tam adı: Lourens Ellison

Doğum tarixi: 1944-cü il, 17 avqust

Doğum yeri: ABŞ, Nyu-York, Bronks

Təhsili: İllinoyza Universiteti (2 il), Çikaqo Universiteti (1 semestr)

Ailə vəziyyəti: Evli

Fəaliyyət növü: Biznes

Vəzifəsi: “Oracle” şirkətinin təsisçisi və icraçı direktoru

Məşhur “Oracle” şirkətinin yaradıcısı və rəhbəri Larri Ellison 1944-cü ilin 17 avqustunda Nyu-Yorkun Bronks hissəsində anadan olub. 9 aylıq olarkən pnevmaniya xəstəliyinə tutulur.

Qayğısına qalmaqda çətinlik çəkən anası onu özünün dayı və xalasının yanına - Çikaqoya aparır. 12 yaşına qədər Lillian və Luisa Ellisonların doğma övladı olmadığını bilmir.

Yeniyetməlik çağlarında o, kifayət qədər müstəqil və mürəkkəb xarakterə malik bir insan idi. Buna görə də ögey atası ilə aralarında tez-tez mübahisələr yaranırdı.

O, müxtəlif elmləri, xüsusilə də riyaziyyatı mənimsəməkdə xüsusi qabiliyyətə malik idi. Təsadüfi deyil ki, İllinoyza Universitetində təhsil alarkən “ilin tələbəsi” adına layiq görülür.

Lakin, buraxılış imtahanları zamanı ögey anası vəfat edir, o, universiteti tərk edir. Daha sonra, Çikaqo Universitetinə daxil olsa da, burada 1 semestr oxuyaraq təhsilini yarımçıq qoyur.

Atası bundan sonra çox məyus olaraq düşünür ki, Larri artıq öz gələcək inkişafı üçün heç bir şey edə bilməyəcək. Lakin o, Çikaqoda gələcəkdə uğurlu karyerasını təmin edən kompyuter proqramlaşdırmasını öyrənməyə başlayır.

Ellison “Fireman” Fondunda, “Wells Fargo” bankında texnik vəzifəsində çalışır. Daha sonra böyük məlumat bazasına malik “Amtex” şirkətində proqramçı kimi çalışır. “Amtex”də “Oracle” kodu altında Mərkəzi Kəşfiyyat İdarəsinin geniş məlumat bazasını yaradır.

1977-ci ildə “Amtex”in rəhbəri Robert Miner və Ellison proqram təminatı inkişafı üzrə laboratoriyanı (Software Development Labs) yaradırlar. Ellison və həmkarları SQL(Structured Query Language - Strukturlaşdırılmış Sorğu Dili) əsasında meynfremlərə və kompyuter sistemlərinə uyğun məlumat bazasını idarə edən proqram hazırlayır.

Onlar korporativ müştərilərə məsləhət xidmətini təqdim edirlər. Kompaniya “Oracle” adını alır və ilk müştəriləri Mərkəzi Kəşfiyyat İdarəsi və “Wright Patterson” hərbi hava bazası olur.

1980-ci ildə “Oracle”-da 8 işçi vardı, lakin gəliri 1 milyon dollardan artıq idi. Növbəti illər satış ikiqat artırdı.

“Oracle” 1986-cı ildən ictimai kompaniyaya çevrildi və ilk ictimai dəyəri 31,5 milyon dollar oldu. Lakin 1990-cı ildə şirkət ilk dəfə zərərlə qarşılaşdı. Kompaniyanın bazar dəyəri 80% azaldı və müflisləşmək təhlükəsi ilə üzləşdi.

Ellison bu zaman strateji gediş edərək şirkətin idarə heyətini daha təcrübəli menecerlərlə əvəz etdi. Peşəkarların və Ellisonun şəxsi təcrübəsi sayəsində şirkət müflisləşməkdən xilas olmaqdan əlavə, gəlirlər əvvəlkindən daha sürətlə artmağa başladı.

Şəxsi hobbilərinə gəldikdə, Ellison açıq havada idmanla məşğul olmağı çox xoşlayır. O, sörfinq və velosiped sürməklə məşğul olarkən bir neçə dəfə ciddi zədə alıb. Ellison tennis oynamağı da çox sevir, müxtəlif tennis yarışlarının iştirakçısı olub.

O, dünyada ölçüsünə görə 4-cü yerdə olan 138 metr uzunluğunda, 200 milyon dəyərində yaxtanın sahibidir. O, cərrahiyyə əməliyyatı keçirməyinə baxmayaraq müntəzəm olaraq öz yaxtası ilə yarışlarda iştirak edir.

Ellisonun şəxsi hərbi təyyarəsi var, özü təyyarəni idarə etməyi bacarır. “Forbes” jurnalının hazırladığı ABŞ-ın 400 ən varlı insanının daxil olduğu reytinq cədvəlində Larri Ellison 33 milyard dollarlıq şəxsi varidatı ilə 3-cü pillədə yer alıb.

Keçən il son 10 ilin ən yüksək gəlirli şirkət rəhbərlərinin adları açıqlanıb. “Oracle Corp.” şirkətinin təsisçisi və icraçı direktoru Larri Ellison ABŞ-ın ən yüksək gəlirli top-meneceri seçilib.

“The Wall Street Journal” yazır ki, 1999-cu ildən 2009-cu ilə kimi Ellison 1,84 milyard dollar qazanıb. Ellison gəlirinin böyük əksəriyyətini dəyəri 3 dəfə bahalaşan şirkət səhmlərinin hesabına əldə edib. Öz məvacibi isə o qədər də yüksək olmayıb, “Oracle” rəhbəri orta hesabla ildə 6,7 milyon dollar alıb.

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL