Prezident İlham Əliyev klublararası dünya çempionatının qalibi - qadınlardan ibarət “Rabitə” voleybol klubunun üzvlərini qəbul etmişdir
Oktyabrın 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qətərin paytaxtı Dohada keçirilmiş klublararası dünya çempionatının qalibi - qadınlardan ibarət “Rabitə” voleybol klubunun üzvlərini qəbul etmişdir. Prezident İlham ƏLİYEV qazanılmış qələbə münasibətilə voleybolçuları təbrik edərək dedi:
-Mən sizi ürəkdən salamlayıram və böyük qələbə münasibətilə ürəkdən təbrik edirəm. “Rabitə” voleybol komandası dünya çempionatında böyük uğur əldə edərək çempion adını qazanmışdır. Bu, böyük qələbədir. Sizin qələbənizdir. Azərbaycan idmanının qələbəsidir. Mən bu münasibətlə sizin hamınızı ürəkdən təbrik edirəm.
Mən bilirəm ki, “Rabitə” komandası dünya miqyasında çox güclü komanda kimi özünü artıq təsdiq etmişdir. Keçən Avropa Çempionlar Liqasında final mərhələsinə gəlib çatmışdır. Bu qələbə isə bir daha komandanın gücünü göstərir və bizim hamımızı ürəkdən sevindirir.
Bütövlükdə Azərbaycanda idmanın voleybol növü çox uğurla və sürətlə inkişaf edir. Çox gözəl ənənələr vardır.
Milli komandamız da yaxşı nəticələr göstərir və dünyanın ən güclü komandaları ilə bərabər səviyyədə oyun nümayiş etdirir. Qələbələr də var, məğlubiyyətlər də vardır.
Klublar səviyyəsində isə vəziyyət daha da yaxşıdır. Bizim bir neçə gözəl klublarımız var və onların arasında əlbəttə, “Rabitə” komandası ən yüksək zirvəni fəth etmişdir. Bir daha sizi ürəkdən təbrik edirəm. Siz bütün idman azarkeşlərini, Azərbaycan xalqını sevindirmisiniz.
Bizim idmanla bağlı bütün təşəbbüslərimizin ən gözəl nəticəsi, bax, bu böyük qələbədir. Həm klubu, həm federasiyanı, idman mütəxəssislərini təbrik edirəm. Bu, ümumi qələbədir, əlbəttə ki, ilk növbədə oyunçuları təbrik edirəm.
“Rabitə” klubunun kapitanı Nataliya MƏMMƏDOVA müxtəlif yarışlarda voleybolçulara verdiyi dəstəyə və bütövlükdə Azərbaycanda voleybolun inkişafına göstərdiyi diqqətə görə dövlətimizin başçısına idmançıların minnətdarlığını çatdırdı. Qeyd etdi ki, komandanın uğuru bütün Azərbaycanın uğurudur.
“Rabitə” komandasının dünya voleybol klubları arasında birinci yeri tutması isə voleybolçuların Azərbaycan idmanına töhfəsidir. Komandanın kapitanı üzərində klub üzvlərinin imzası olan topu Prezident İlham Əliyevə hədiyyə etdi. Dövlətimizin başçısı voleybolçularımızın müxtəlif dünya miqyaslı yarışlarda uğurla çıxış etdiyini vurğuladı.
Prezident İlham Əliyev Azərbaycanın voleybol ənənələrindən danışarkən bildirdi ki, on bir il bundan əvvəl ölkədə yalnız bir voleybol klubu vardı, indi isə ölkə çempionatında yeddi güclü komanda iştirak edir.
“Rabitə” klubunun qazandığı qələbə isə beynəlxalq miqyaslı komanda yarışlarında əldə edilən ən böyük nəticədir. Bu, onu göstərir ki, ölkəmizdə voleybol dünya səviyyəsindədir.
Voleybol üzrə milli komandanın baş məşqçisi Faiq QARAYEV Azərbaycan voleybolunda uğurların təməlinin məhz dövlətimizin başçısı tərəfindən qoyulduğunu vurğuladı.
O, Prezident İlham Əliyevin idmançılarla daim təmasda olmasını, onlara verdiyi dəstək və tövsiyələrin qazanılan qələbələrə xüsusi stimul verdiyini söylədi. Faiq Qarayev voleybol üzrə milli yığma komandanın planları barədə də dövlətimizin başçısına məlumat verdi.
Prezident İlham Əliyev bildirdi ki, idmanda əldə edilən uğurlar, həmçinin çoxlu sayda müasir Olimpiya İdman komplekslərinin istifadəyə verilməsi ölkəmizdə yüksək səviyyəli yarışların keçirilməsinə geniş imkanlar açmışdır.
Bu yaxınlarda Bakıda keçirilən boks üzrə dünya çempionatına toxunan dövlətimizin başçısı bildirdi ki, yüzdən çox ölkənin təmsil olunduğu yarışların yüksək səviyyədə təşkili bunu sübut etdi.
Prezident İlham Əliyev klubun üzvlərini bir daha təbrik etdi. Görüşdən sonra xatirə şəkli çəkdirildi.
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL