waplog

Bu il kiçik və orta biznesin İT xərcləri 600 milyard dolları ötəcək


“IDC” analitik şirkəti 2018-ci ildə kiçik və orta biznesin (SMB) informasiya texnologiyaları üçün xərclərinin təxminən 602 milyard dollar təşkil edəcəyini proqnozlaşdırır. Bu, 2017-ci ilin göstəricisindən 4,9 faiz çoxdur. Həmçinin ştat vahidi min nəfərə yaxın şirkətlərin 2016-2021-ci illərdə İT xərclərini orta hesabla 4,7 faiz artıracağı gözlənilir. Hesabat dövrünün sonunda “SMB” sektoru İT avadanlığı, proqram təminatı və servislərin alışına, o cümlədən biznes xidmətlərinə təqribən 684 milyard dollar investisiya yatıracaq.

“ICTnews” Elektron Xəbər Xidməti “DailyComm” resursuna istinadən yazır ki, növbəti beş ildə kiçik və orta biznes tərəfindən bütün İT xərclərinin üçdə iki hissəsindən çoxu əməkdaş sayı 100-999 nəfər olan şirkətlərin payına düşəcək. 2018-ci ildə ştatı 100-499 nəfər təşkil edən orta şirkətlər bu məqsədlərə 229 milyard dollar xərcləyəcək, 500-999 əməkdaşa malik nisbətən iri müəssisələr isə İT sahəsinə 182 milyard dollara yaxın vəsait yatıracaq. Artım tempinə gəldikdə, hesabat dövründə bütün yarımqruplarda ortaillik artım tempi (CAGR) göstəriciləri təxminən eyni olacaq. Belə ki, orta və daha böyük biznes illik xərcləri 4,8 və 4,6 faiz, kiçik biznes (ştatı 10-99 nəfərdən ibarət) isə 4,7 faiz artıracaq.

2018-ci ildə avadanlıq, proqram təminatı və İT xidmətlərinin biznesin ümumi informasiya texnologiyaları xərclərində payı 30 faiz təşkil edəcək, qalan vəsaitlər biznes xidmətlərinə xərclənəcək. Hazırda ən böyük xərclər mənbəyinin avadanlıqların olmasına baxmayaraq “IDC” proqnozlaşdırır ki, 2019-cu ildə birinci yeri proqram təminatı, 2021-ci ildə isə İT xidmətləri tutacaq. Proqram təminatı seqmentində ən yüksək – illik 7,5 faiz artım tempi gözlənilir. Biznes servisləri kateqoriyasında “CAGR” göstəriciləri nisbətən az - 6,6 faiz proqnozlaşdırılır.

Həmçinin proqnozda nəzərdə tutulur ki, 2018-ci ildə “SMB” sektoru fərdi kompüter, periferiya avadanlığı və mobil telefonlar daxil olmaqla qurğuların alışına təxminən 115 milyard dollar sərf edəcək. Daha 99 milyard dollar proqramlara xərclənəcək ki, bu vəsaitin əsas hissəsi də müəssisə resurs idarəetmə sistemlərinin (Enterprise Resource Management, ERM), kontentlə iş üçün əlavələrin və müştərilərlə münasibətlərin idarə edilməsi (Customer Relationship Management, CRM) sahəsində həllərin payına düşəcək. Eyni zamanda qrup şəklində olan iş üçün proqram təminatı (Collaborative Applications) üçün xərclər daha sürətlə - 12,2 faiz artacaq. Digər əhəmiyyətli xərc mənbəyi autsorsinq olacaq.

Coğrafi baxımdan İT sahəsinin inkişafına daha çox töhfəni ABŞ “SMB” sektorunun nümayəndələri verəcək: 2018-ci ildə ABŞ şirkətlərindən 186 milyard dollar daxil olacaq. İkinci yerdə Çin şirkətləri (56 milyard dollar) tutacaq. Sonrakı yerlərdə İT xərcləri müvafiq olaraq 37, 36 və 35 milyard dollar məbləğində Almaniya, Britaniya və Yaponiya biznesi qərarlaşıb.

Nizam Nuriyev 


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL