waplog

“Raspberry Pi” minikompüterinin texniki xüsusiyyətləri təkmilləşdirilib


Böyük Britaniyanın “Raspberry Pi Foundation” təşkilatı 35 dollarlıq “Raspberry Pi” minikompüterinin yeni modelini satışa çıxarıb. Yeni “Raspberry Pi 3 Model B+” qurğusunun təkmilləşdirilən texniki xüsusiyyətləri kimi 1,4 QHs takt tezlikli (Pi 3 modelində bu göstərici 1,2 QHs tezlikli BCM2837 prosessor təşkil edir) dördnüvəli “Broadcom BCM2837B0” prosessorunu, ikidiapazonlu “Wi-Fi” şəbəkəsini və sürətləndirilən “Ethernet” lokal şəbəkə texnologiyasını qeyd etmək olar.
 
“ICTnews” Elektron Xəbər Xidməti “Vesti” resursuna istinadən yazır ki, mütəxəssislərin sözlərinə görə, simli və simsiz şəbəkənin buraxılış qabiliyyəti təxminən üç dəfə artıb. Model iki – 2,4 və 5 QHs diapazonunda işləyir, 1 giqabitlik “Ethernet” isə “USB 2.0” vasitəsilə məlumatların 300 Mbit/saniyə sürətində ötürülməsini dəstəkləyir. Qənaətcil “Bluetooth Low Energy” standartını dəstəkləyən “Bluetooth 4.2” minikompüterdən “Əşyalar interneti” və “ağıllı” ev qurğuları üçün qovşaq kimi istifadəyə imkan verir.
 
Bundan başqa, “Raspberry Pi 3 Model B+” modelində “Ethernet” vasitəsilə məlumatlarla yanaşı, enerjinin ötürülməsini təmin edən “Power over Ethernet” (PoE) texnologiyası quraşdırılıb. Qurğunun qabaritləri və qiyməti (35 dollar) əvvəllər olduğu kimi dəyişməz qalıb.  
 
Qeyd edək ki, qutu şəklində olan, en və uzunluq ölçüsünə görə vizit kartından böyük olmayan “Raspberry Pi” birplatalı kompüter olmaqla 700 MHs tezliyində işləyən “ARM1176JZF-S” prosessor, “Full HD” təsvir ölçüsünü dəstəkləyən “VideoCore IV” videosürətləndirici və 256 MB operativ yaddaşa malik “Broadcom BCM2835” sistemli çip (SoC) üzərində yığılıb. Qurğu monitora qoşulmaq üçün videoçıxış və “HDMI”, eləcə də qulaqcıq və ya masaüstü audiosistemin qoşulması üçün 3,5 millimetrlik çıxışla təchiz edilib.  
 
Kompüter uşaqlar üçün proqramlaşdırmanın tədrisi məqsədilə nəzərdə tutulsa da, digər sahələrdə populyarlıq qazanıb və onun əsasında media mərkəzləri hazırlanıb.
 
İlk “Raspberry” minikompüter modeli – “Model B” 2012-ci ilin fevralında buraxılıb və milyonlarla tirajla satılıb.
 
Nizam Nuriyev
 




NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL