Məktəb şagirdləri üçün yeni “Apple iPad” planşeti təqdim olunub
“Apple” şirkəti Çikaqoda keçirilən təqdimatda məxsusi olaraq təhsil seqmenti üçün hazırlanan yeni planşet kompüter təqdim edib. Bu, indiyədək “Apple” brendi ilə buraxılan ən ucuz “iPad” modelidir.
“ICTnews” Elektron Xəbər Xidməti “4PDA” resursuna istinadən yazır ki, yeni qurğu 9,7 düym diaqonallı “Retina” ekran, “iPhone 7” smartfonunda olduğu kimi “A10 Fusion” prosessor, 8 meqapikselli əsas kamera, “FaceTime” üçün HD formatlı ön kamera, “Touch ID” barmaq izi skaneri, kompas, “GPS”, “LTE” dəstəyi və 10 saatlıq avtonom iş üçün akkumulyator ilə təchiz edilib. Bundan başqa, təqdim olunan “iPad” planşeti “iPad Pro” istehsal xəttinə aid modellər kimi “Apple Pencil” elektron qələmi ilə işi tam dəstəkləyir.
Məlumata görə, məxsusi olaraq “iPad” planşetləri və yeni model üçün “Apple” şirkəti bir sıra yeni proqram funksiyaları təqdim edib. Belə ki, “iWork” ofis əlavələr paketi bütünlüklə yenilənəcək və “Apple Pencil” tərəfindən dəstəklənəcək, “Pages”, “Numbers” və “Keynote” kompüter proqramlarında konkret sözə aid annotasiyalar əlavə etmək imkanı yaranacaq. Həmçinin, uşaqlar üçün kontentin yer alacağı “GarageBand” və “Clips” əlavələri yenilənəcək.
“Shared iPad” funksiyası planşetdə çoxlu hesablar yaratmağa imkan verəcək. Məsələn, eyni qurğuda sinifdəki hər şagird üçün hesablar əlavə etmək mümkün olacaq. Bundan əlavə, “macOS” əməliyyat sistemi üçün müəllimə şagirdlərin planşetlərini məsafədən idarə etməyə imkan verən “Classroom” əlavəsinin buraxılması nəzərdə tutulur. Həmçinin, müəllimə tapşırıqlar verməyə, onları yoxlamağa və yerinə yetirilməsi prosesinə, eləcə də dərs zamanı şagirdlərin qurğuda oyunlar oynamamasına nəzarət etməyə imkan verən “Schoolwork” proqramı nümayiş olunub.
Şagirdlər üçün “iCloud” bulud servisində pulsuz tutumun həcmi 5 giqabaytdan 200 giqabaytadək artırılıb.
Yeni “iPad” planşetinin qiyməti adi istifadəçilər üçün 329 dollar, məktəblilər üçün 299 dollar təşkil edəcək.