waplog

Fransada “3D” printerdə çap edilən ilk yaşayış evi istifadəyə verilib


Fransa tarixində üçölçülü çap texnologiyası vasitəsilə yaradılan ilk yaşayış evi ölkənin qərbində yerləşən Nant şəhərində istifadəyə verilib.

“ICTnews” Elektron Xəbər Xidməti “Rambler” resursuna istinadən yazır ki, mənzil tikintisi sahəsində innovativ layihə “Yhnova” adlanır. Layihə yaradıcılarının sözlərinə görə, söhbət dünya miqyasında unikal texnologiyadan gedir. Botyer məhəlləsində ev bir “3D” printer vasitəsilə inşa edilib.

Robot yaradıcısı Benua Fyure bildirib ki, robot inşaatçı 54 saat ərzində sahəsi 95 kvadratmetr təşkil edən gələcək yaşayış evinin divarlarını tikib. Robotun işi iki operator tərəfindən idarə edilib.

Məlumata görə, ev divarlarının ucaldılması üzrə bütün işlər ötən ilin sentyabrında görülüb. Sonra poliuretan qatışığı və betona qurumağa imkan vermək üçün fasilə elan edilib. Daha sonra işlərin növbəti mərhələsinə - hazırda robot inşaatçıların görə bilmədiyi qapı-pəncərə montajı, daxili arakəsmə, elektrik şəbəkəsinin çəkilməsi və sanitariya qovşağı avadanlığı üzrə işlərə başlanılıb.

Birmərtəbəli ev havanın rütubətlik səviyyəsini, temperaturu, təzyiqi izləyəcək cihazlarla təchiz edilən beş otaqdan ibarətdir. Bununla mühəndislər ətraf mühitin konstruksiyaya təsirini qiymətləndirə biləcəklər.

Nantda tikilən ev sosial mənzil sinfinə aiddir. Eksperimental tikilidə bir kvadratmetrin qiyməti barədə məlumat verilməsə də, yazda orada ilk sakinlərin məskunlaşacağı gözlənilir. Hazırda evin qapıları tədqiqatçılar, arxitektorlar və dizaynerlər üçün açıqdır.

“3D” çap texnologiyaları ilk növbədə peşəkar inşaatçıların işini sadələşdirmək üçün nəzərdə tutulub.

Nizam Nuriyev



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL