Smartfonu əşyaların üzərinə toxundurmaqla onları müəyyənləşdirmək mümkün olacaq
Koreya Qabaqcıl Texnologiyalar İnstitutunun (KAIST) mühəndislər qrupu smartfonu əşyaların üzərinə toxundurmaqla onları müəyyənləşdirməyə imkan verən mobil əlavə yaradıb.
“ICTnews” Elektron Xəbər Xidməti “NEWSru” resursuna istinadən yazır ki, iş üçün əlavə smartfona quraşdırılan mikrofon, akselerometr və giroskopdan istifadə edir. Qurğunun müəyyən əşyaya toxunuşu zamanı mikrofon hər material və əşya forması üçün unikal olan yaranan səsi qeydə alır, akselerometr və giroskop isə smartfonun yerinin dəyişməsi və dönməsi haqqında məlumatları yazır.
Alqoritmin öyrədilməsi prosesi başa çatdıqdan sonra əlavə yaradıcıları proqramın işinin dəqiqliyini 14 əşya üzərində sakit və səs-küylü şəraitdə yoxlayan 15 könüllü dəvət ediblər. Sınaq iştirakçılarından smartfonu hər əşya üzərinə 50 dəfə toxundurmaq xahiş olunub. Əldə olunan məlumatların təhlili göstərib ki, əlavə yüksək dəqiqliklə işləyir. Belə ki, ən pis tanınma göstəricisi 94 faiz təşkil edib, bir sıra əşyaları isə proqram 99,7 faiz dəqiqliklə tanıyıb. Test, həmçinin kənar səsin tanınmanın dəqiqliyinə pis təsir göstərməsi ilə bağlı nəticəyə gəlməyə əsas verib.
Perspektivdə proqramın təkmilləşdirilmiş versiyası müxtəlif sahələrdə tətbiq oluna bilər. Məsələn, smartfonu qazana toxundurmaqla istifadəçi onu ocaq üzərindən vaxtında götürmək üçün əks hesablama vaxtölçənini, velosiped sükanına vurmaqla isə smartfonda naviqasiya əlavəsini işə sala biləcək.