“iPhone” smartfonlarını utilizasiya edən robot nümayiş olunub (VİDEO)
"Apple" şirkəti "iPhone" smartfonlarının utilizasiyası üçün nəzərdə tutulan yeni robot nümayiş etdirib.
"ICTnews" Elektron Xəbər Xidməti "NEWSru" resursuna istinadən yazır ki, "Daisy" adlı robot 2016-cı ildə təqdim edilən "Liam" robotunun təkmilləşdirilmiş variantıdır. Yeni robot 9 müxtəlif "iPhone" modelini müəyyənləşdirə, 1 saata 200-dək smartfonu hissələrə ayıra bilir.
Məlumata görə, iş prosesində "Daisy" robotları smartfonlardan sonradan təkrar istifadə olunacaq müxtəlif komponentləri ayırırlar.
Bundan başqa, "Apple" şirkəti "GiveBack" adlı proqram təqdim edib. Proqram çərçivəsində aprelin 30-dək utilizasiya üçün verilən hər qurğuya görə ABŞ istehsalçısı tərəfindən dünyada bitkilərin, heyvanların və landşaftların biomüxtəlifliyinin qorunması uğrunda mübarizə aparan "Conservation International" qeyri-kommersiya təşkilatına ianə ödəyəcək.
Xatırladaq ki, aprelin əvvəlində "Apple" bərpa olunan enerjiyə tam keçməsini bəyan edib. Həmçinin bildirilib ki, 2011-ci ildən şirkətin bərpa olunan enerji sahəsində layihələrinin həyata keçirilməsi "Apple" müəssisələri tərəfindən istixana qazları tullantılarının həcmini 54 faiz azaltmağa imkan verib.