waplog

Argentina rəsmisi AMEA İnformasiya Texnologiyaları İnstitutunun fəaliyyətinə yüksək qiymətləndirib


AMEA İnformasiya Texnologiyaları İnstitutunda Argentina Elmi və Texniki Araşdırmalar Milli Şurasının (CONICET) sədri Marta Rovira və Argentinada Azərbaycan səfirliyinin məsul işçisi Bəxtiyar Məmmədov ilə görüş keçirilib. Öncə qonaqlar İTİ-nin AzScienceNet, Tədris-İnnovasiya və Multimedia mərkəzlərinin fəaliyyəti ilə tanış olublar.

İnstitutda elmi, tədris proseslərinin yüksək səviyyədə aparılması, müasir texniki avadanlıqlarla təmini, AMEA-nın elmi-tədqiqat müəssisələrinin İnternetə çıxış sürətinin artırılması, innovativ fəaliyyətin təşkili istiqamətində həyata keçirilən işlər haqqında qonaqlara geniş məlumat verildi. Yüksək biliyə malik gənc proqramçıların yetişdirilməsi, beynəlxalq olimpiada yarışlarına hazırlığı məqsədilə İTİ-də təşkil edilən görüşlər və həyata keçirilən tədbirlərdən söhbət açılıb.

İnstitutun direktoru, AMEA-nın müxbir üzvü Rasim Əliquliyev ölkədə informasiya cəmiyyətinin təşəkkülü və bərqərar olmasının dövlətin İKT sahəsində siyasətinin başlıca hədəflərindən olduğunu bildirərək institutun bu istiqamətdə qarşısında durduğu vəzifələr, həyata keçirdiyi tədbirlər haqqında geniş məlumat verib.

Alim İC-nin ideoloji prinsiplərinin, elmi-texniki, hüquqi və iqtisadi aspektlərinin araşdırıldığını bildirərək Azərbaycan elminin dünya elminə öz töhfələrini verməsi üçün ölkəmizdə əlverişli zəmin yarandığını bildirdi.

Dövlət başçısı tərəfindən təsdiq edilən “Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiyanın həyata keçirilməsi ilə bağlı Dövlət Proqramı”nda bu məsələlərin öz əksini tapdığını nəzərə çatdıran alim institutun bu proseslərə elmi dəstək verdiyini, dövlət proqramlarının, İKT layihələrinin həyata keçirilməsində yaxından iştirak etdiyini, müvafiq ideologiyanın təbliği və əhalinin maarifləndirilməsi istiqamətində mühüm işlər gördüyünü vurğulayıb.

İnstitutun beynəlxalq əməkdaşlıq əlaqələrindən də söhbət açan alim İTİ-də ABŞ, Avstriya, Kuba, Macarıstan, Almaniya, Cənubi Koreya, Türkiyə və Rusiya kimi ölkələrin müvafiq qurumlarının nümayəndələri ilə görüşlərin keçirildiyini, bu görüşlərdə əməkdaşlıq əlaqələrinin inkişaf perspektivlərinin müzakirə edildiyini, müxtəlif birgə layihələrin həyata keçirildiyini bildirdi. R.Əliquliyev Argentinanın müvafiq elmi qurumları ilə əməkdaşlığın qurulmasının məqsədəuyğunluğunu bildirib.

Xanım M.Rovira elm və informasiya texnologiyaları sahəsində kreativ, innovativ proseslərin vüsət almasında müvafiq şəraitin yaradılması, elmi-texniki fəaliyyətin yüksək səviyyədə aparılması, gənc kadrlara dəstək göstərilməsi məsələlərinin təşkilinin böyük önəm kəsb etdiyini bildirdi.

İTİ-də bu istiqamətdə aparılan işləri yüksək dəyərləndirən qonaq Argentina ilə Azərbaycan arasında elmi-texniki sahədə əməkdaşlıq əlaqələrinin inkişafında maraqlı olduqlarını söyləyib.

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL