“Uber” şirkəti və ABŞ Kosmik Agentliyi (NASA) arasında uçan taksilərin hazırlanması haqqında ikinci saziş imzalanıb. Nəqliyyat vasitəsi təyyarə və vertolyot hibridindən ibarət olacaq.
“ICTnews” Elektron Xəbər Xidməti “Lenta” resursuna istinadən yazır ki, sazişin imzalanması illik “Uber Elevate Summit” konfransı çərçivəsində açıqlanıb. Uçan taksinin ilk sınaqlarının Los-Anceles və Dallasda keçirilməsi planlaşdırılır.
Məlumata görə, nümayiş edilən hava taksisi enmə zamanı yığılan dörd üfüqi fırlanan vintlə təchiz edilib. Beşinci rotor aparatın quyruq hissəsində yerləşir və irəliyə hərəkət üçün istifadə olunur. Tam elektrik olacaq taksi 300-400 metr hündürlükdə hərəkət edəcək.
Şirkətin planlarına görə, enmə meydançaları hündürmərtəbəli binaların damlarında yerləşəcək. Onların hər biri 200 uçuş və enmə qəbul edə biləcək. Yeni nəqliyyatın yola sərf edilən vaxtı 30 dəqiqədən 5 dəqiqəyədək azaltmağa kömək edəcəyi nəzərdə tutulur.
Bundan əvvəl “Uber” şirkətinin 2020-ci ildə uçan nəqliyyat vasitəsinin işlək modelini təqdim edəcəyi ilə bağlı məlumatlar yayılıb. Təqdimatın Dubayda “World Expo” sərgisində baş tutacağı gözlənilir.