“İdeyadan Biznesə” layihəsi çərçivəsində növbəti startap turu Lənkəranda keçiriləcək
Startap hərəkatının genişləndirilməsinə və vətəndaşların innovativ ideyalarının reallaşdırılmasına dəstək məqsədilə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Heydər Əliyev Fondunun "Regional İnkişaf" İctimai Birliyi ilə "İdeyadan Biznesə" layihəsi çərçivəsində birgə keçirdiyi startap turları davam edir. Növbəti startap turu Lənkəran şəhərində keçiriləcək. Tədbir 18 may 2018-ci il tarixində saat 09:00-dan 17:00-dək Heydər Əliyev Mərkəzində baş tutacaq.
Yüksək Texnologiyalar Parkının, İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun, "Microsoft" şirkətinin təşkilatçı, "Azercell" şirkətinin və "Cavan" gənclər Hərəkatı İctimai Birliyinin tərəfdaşı olduğu startap turlarında iştirak etmək üçün "http://www.i2b.az" saytında qeydiyyatdan keçmək zəruridir. Lənkəran şəhərində keçiriləcək startap turuna ətraf rayon və şəhərlərdən olan iştirakçılar da qatıla bilər.
Startap turu çərçivəsində Lənkərana 1 günlük səfər planlaşdırılır. Səfər zamanı informativ sessiya, interaktiv hissə, müsabiqə və müxtəlif mövzuları əhatə edən təlimlərin keçirilməsi nəzərdə tutulur.
Tədbirin birinci hissəsində startapları əsas müsabiqəyə hazırlamaq üçün kiçik biznes-treninqlər təşkil olunacaq, ikinci hissədə isə onlar öz ideyalarını münsiflər heyəti qarşısında təqdim edəcəklər. Daha sonra seçilmiş layihələr birincilik uğrunda mübarizə aparacaq. Hər çıxışdan sonra sual-cavab və layihənin müzakirəsi baş tutacaq. İkinci hissənin sonunda münsiflər Lənkəran üzrə 1-ci, 2-ci və 3-cü yerlərin qaliblərini müəyyənləşdirəcək və qalib olan layihələr Bakıda keçiriləcək Milli Finalda iştirak hüququ qazanacaq.
Məlumat üçün bildirək ki, Milli Finalda qalib gələcək 1-ci, 2-ci və 3-cü yerlərin sahibləri təşkilatçılar və tərəfdaşlar tərəfindən mükafatlandırılacaq, eyni zamanda 24-cü "Bakutel" Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar Sərgi-Konfransı çərçivəsində layihələrini təqdim etmək imkanı əldə edəcəklər.
Qalib gələn layihələr mentor xidmətləri, investisiyaların cəlb olunması, o cümlədən uğurlu startapların xaricə göndərilməsi və beynəlxalq tədbirlərə cəlb olunması imkanları ilə təmin oluna bilər.
Qeyd edək ki, startap turları regionlarda fəaliyyət göstərən gənclərə biznes layihələrinin hazırlanması, müzakirəsi və təqdimatı, eləcə də mentorların dəstəyi ilə startap komandaları və ideyaların formalaşdırılması üçün geniş imkanlar yaradacaq.
Turların ətraf rayon və şəhərləri də əhatə etməklə, Quba, Şəki, Gəncə, Naxçıvan, Sumqayıt və Bakı şəhərlərində də keçirilməsi nəzərdə tutulur.
Xatırladaq ki, ilk startap turu Mingəçevir şəhərində keçirilib və qaliblər müəyyənləşib.
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL