“Facebook”da fərdi məlumatlara nəzarət üçün yeni funksiyalar istifadəyə veriləcək
“Facebook” sosial şəbəkəsi istifadəçinin internetdə fərdi məlumatlara nəzarət üçün bir sıra yeni alətlər, o cümlədən konkret hesaba bağlı məlumat tarixçəsinin silinməsi imkanını təklif edəcək. Bu barədə sosial şəbəkə rəhbəri Mark Sukerberq bildirib.
“ICTnews” Elektron Xəbər Xidməti “RİA Novosti” resursuna istinadən yazır ki, Brüsseldə Avropa Parlamentində çıxış edən M.Sukerberq qeyd edib ki, sosial şəbəkə Avropa İttifaqında fərdi məlumatların mühafizəsi qaydalarına əlavə olaraq daha geniş nəzarətin təmini üzərində çalışır.
O, həmçinin bəyan edib ki, şirkət “Facebook”da əksər yalan məlumatlara və dezinformasiyaya səbəb olan saxta hesabların ləğv edilməsi üçün süni intellekt texnologiyalarından istifadə edir.
“2017-ci ildə Fransada prezident seçkiləri ərəfəsində şirkətin sistemləri tərəfindən 30 mindən çox saxta səhifə aşkarlanaraq məhv edilib”, - M.Sukerberq vurğulayıb.
Avropa Parlamenti M.Sukerberqi Brüsselə assambleya fraksiyasının rəhbərinin “Facebook”da Avropa İttifaqı vətəndaşlarına məxsus fərdi məlumatların sızması ilə əlaqədar aparılan araşdırmalarla bağlı sualını şəxsən cavablandırmaq üçün dəvət edib. Araşdırmalara Britaniyanın “Cambridge Analytica” marketinq şirkətinin fəaliyyəti ətrafında baş verən qalmaqalla əlaqədar başlanılıb. Avropa İttifaqı ABŞ-da prezident seçkiləri və Böyük Britaniyanın Aİ-dən çıxması üzrə referendum zamanı “Facebook” istifadəçilərinə məxsus fərdi məlumatların istifadə olunub-olunmamasını dəqiqləşdirmək niyyətindədir.
Qeyd edək ki, mayın sonunda Avropa İttifaqında yeni fərdi məlumatların mühafizəsi qaydaları (General Data Privacy Regulations - GDPR) qüvvəyə minəcək. Yeni reqlament şirkətlər tərəfindən istifadəçilər üçün fərdi məlumatların mühafizəsi funksiyalarının quraşdırılmasını nəzərdə tutur. Məsələn, istifadəçilərə fərdi məlumatları tam ləğv etmək hüququ veriləcək, eləcə də 16 yaşdan aşağı şəxslərin fərdi məlumatlarından istifadə üçün onların valideynlərinin və ya qəyyumlarının icazəsi tələb olunacaq. Reqlament tələbləri pozulacağı təqdirdə şirkətlər pozuntunun dərəcəsindən asılı olaraq 20 milyon avro və ya illik dövriyyənin 4 faizi məbləğində cərimə oluna bilərlər.
Nizam Nuriyev
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL