Hərbçilər üçün yeni ekzoskeletin sınaqları keçiriləcək
ABŞ-da hərbçilərin dözümlüyünü artıran yeni ekzoskeletin sınaqları keçiriləcək.
"ICTnews" Elektron Xəbər Xidməti "Naukatv" resursuna istinadən yazır ki, "Onyx" adlanan kompakt mexanizm mahiyyət etibarilə ayaqlar üçün güclü ekzoskelet olmaqla istifadəçiyə hərəkətdə gücü artırmağa və daha çox qaçmağa və yük daşımağa imkan verir. Texnologiyanın səhra sınaqları dekabra planlaşdırılır.
Məlumata görə, əvvəlki prototiplər istifadəçinin mexaniki bel çantasından ayaq və çiyninədək uzanan böyük metal borulardan ibarət olmasına görə onlar çatışmazlıqlara malik olub. Bu sistem istifadəçiyə hərəkət etməyə imkan verməkdən daha çox yorurdu. Ekzoskeletin insanın təbii hərəkətlərinə uyğunlaşa bilməməsi səbəbindən istifadəçilər ondan istifadədə əziyyət çəkirdilər.
Bildirilir ki, "Onyx" ekzoskeletində sərt struktur əvəzinə, tərtibatçılar tərəfindən sərt və elastik komponentlər kombinasiyasından istifadə olunub. Mütəxəssislər diqqəti yalnız bədənin buddan ayaqlaradək olan aşağı hissəsinin möhkəmləndirilməsinə yönəldiblər. Hərəkət zamanı ekzoskelet istifadəçinin bədən çəkisini azaldaraq yorğunluq və zədə riskini aşağı salsa da, hərəkət sürətini artırmır. İstifadəçi havada qaça, dizlərini qatlaya və hətta stulda olduğu kimi otura bilər – ekzoskelet onun çəkisini saxlayacaq.
ABŞ-ın "Lockheed Martin" tərtibatçı şirkəti bədənin yuxarı hissəsinin təkmilləşdirilməsi üzərində çalışmağı planlaşdırır. Mühəndislər tərəfindən ekzoskeletin daha yüngül edilməsi üçün onun çəkisinin azaldılması davam etdiriləcək.