Debatlarda insandan üstün olan süni intellekt təqdim edilib
Son 20 ildə kompüterlər şahmat, viktorina və hətta qo oyununda insanları üstələməyə müvəffəq olub. İndi isə “IBM” şirkəti tərəfindən hazırlanmış alqoritm debat aparmaq bacarığı üzrə insandan üstün olub.
“ICTnews” Elektron Xəbər Xidməti “hitech.newsru.ru” saytına istinadən yazır ki, “Project Debater” adlandırılmış sistem mətbuat üçün xüsusi tədbir çərçivəsində öz bacarığını nümayiş etdirib. İnsanlarla 2 debatda iştirak edən alqoritm onlardan birində qələbə qazanıb.
Birinci debatda rəqiblər kosmik tədqiqatlar üçün dövlət dəstəyinin zəruriliyini müzakirə ediblər və tamaşaçılardan yalnız 2-si qələbəni kosmik sahə üçün dövlət dəstəyinə qarşı çıxış edən debat mütəxəssisi Noa Ovadiaya veriblər. Kompüterlə debat mütəxəssisi Den Zafrir arasında baş tutmuş ikinci debatda isə 9 tamaşaçı onları teletibb sistemlərinin inkişaf etdirilməsinə inandıran “IBM” alqoritmini qalib adlandırıblar.
“Project Debater” sistemi 2011-ci ildən “IBM” şirkətinin Hayfada yerləşən tədqiqat laboratoriyası tərəfindən işlənib hazırlanır. Yaradıcılar alqoritmə debat aparmaq üçün müxtəlif metodları öyrədiblər, amma sistem konkret debatın mövzusuna aid informasiyanın axtarışı ilə özü məşğul olur. Bundan ötrü alqoritm 300 milyon xəbər və elmi işdən ibarət bazadan istifadə edir. Bu halda proqram yalnız fakt və məlumatları axtarıb tapmır, həmçinin əks-mülahizə üçün həmsöhbətə qulaq asır.