waplog

“WPA3” təhlükəsizlik protokolu rəsmən təqdim edilib


“Wi-Fi Alliance” Şirkətlər Qrupu yanvarda nümayiş olunan üçüncü nəsil “WPA” (Wi-Fi Protected Access) təhlükəsizlik protokolunu rəsmən təqdim edib. O, 2004-cü ildən qüvvədə olan “WPA2” protokolunu əvəz edəcək.
 
“ICTnews” Elektron Xəbər Xidməti “NEWSru” resursuna istinadən yazır ki, “WPA3” protokolu təkmilləşdirilmiş mühafizəsi ilə seçilsə də, söhbət yenə də “Wi-Fi” şəbəkələrinin parollar vasitəsilə qorunmasından gedir.
 
Məlumata görə, “WPA3” şəbəkənin müdaxilədən mühafizəsini parolların çoxluğu ilə təmin edir. Bu növ hücumda haker “Wi-Fi” axınından məlumatları ələ keçirərək onları yenidən qurbanın qurğusuna göndərir və üst-üstə düşmə tapılanadək dəfələrlə yığır. Lakin “WPA3” eyni vaxtda olan bərabərhüquqlu elementlər autentifikasiyası (Simultaneous Authentication of Equals, SAE) kimi tanınan qurğular arasında təhlükəsiz açarların yaradılması protokolundan istifadə edir. Onun quruluşu elədir ki, ələ keçirilən oflayn məlumatlar faydasız olanadək haker parolu tapmaq üçün yalnız bir cəhd edə biləcək. Daimi parol seçimi üçün marşrutlayıcıya fiziki çıxış və onda xüsusi mühafizənin mövcudluğu tələb olunacaq.
 
“WPA3”-ün protokolun əvvəlki versiyasından daha bir vacib fərqi ondan ibarətdir ki, şəbəkəyə müdaxilə etməyə nail olan haker onun vasitəsilə ötürülən məlumatları “canlı efir”də görə biləcək, lakin köhnə məlumatlara çıxış əldə etmək imkanına malik olmayacaq.
 
Bundan başqa, “WPA3” istifadəçilərə “Easy Connect” funksiyası vasitəsilə qurğularda qoşulmanı ekran və düymələr olmadan asanlıqla sazlamağa imkan verəcək, korporativ istifadəçilər isə “CNSA” (Commercial National Security Algorithms) dəstinin alqoritminə bənzər 192 bit tutumlu açara malik kriptoqrafik standartdan yararlana biləcəklər.
 
Hazırda yeni standartın tətbiqi həyata keçirilir. Bundan sonra “Wi-Fi” şəbəkəsi ilə təchiz edilən qurğu istehsalçıları “WPA3” protokolunu dəstəkləyən modellər buraxmalı, eləcə də imkan daxilində mövcud qurğuları yeniləməli olacaqlar. “Wi-Fi Alliance” nümayəndələrinin fikrincə, “WPA3” protokoluna keçid prosesi yeni nəsil “Wi-Fi” (802.11ax) standartının tətbiqinə başlanacaq 2019-cu ilin sonunda fəallaşacaq. Buna baxmayaraq bir sıra şirkətlər “WPA3” və “802.11ax” protokollarına dəstək nümayiş etdirib. Məsələn, “Qualcomm” şirkəti  “802.11ax” üçün çiplərin istehsalına başlayıb.
 
Xatırladaq ki, ötən ilin oktyabrında kibertəhlükəsizlik sahəsində tədqiqatçılar qrupu tərəfindən “WPA2” şifrləmə protokolunda ciddi boşluqlar aşkarlanıb. Ekspertlər cinayətkarlara istifadəçi “Wi-Fi” çıxış nöqtəsinin trafikini, o cümlədən ödəniş məlumatları və digər həssas informasiyanı ələ keçirməyə, eləcə də zərərli kod tətbiq etməyə imkan verən “KRACK” adlı eksployt müəyyənləşdiriblər.
 
Nizam Nuriyev



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL