Amerikalı mühəndislər ikiayaqlı robota dərəli-təpəli ərazidə sürətlə hərəkət etməyi öyrədiblər
Berklidə yerləşən Kaliforniya Universiteti və Karneqi-Mellon Universitetinin mühəndisləri tərəfindən hazırlanmış alqoritm sayəsində ikiayaqlı robotlar dərəli-təpəli ərazini imitasiya edən müxtəlif hündürlüklü maneələr üzrə nisbətən sürətli hərəkət edə bilərlər.
“ICTnews” Elektron Xəbər Xidməti “hitech.newsru.ru” saytına istinadən yazır ki, alimlər yeni alqoritmin səmərəliyini yoxlamaq üçün Oreqon Universitetində hazırlanmış “ATRIAS” robotundan istifadə ediblər. 2 mexaniki ayaqla təchiz edilmiş bu robotun korpusu döndərici mexanizmə birləşdirilib.
Mühəndislər sınaqlar zamanı robotun qarşısında kərpiclərdən ibarət müxtəlif hündürlüklü və ara məsafəli yol düzəldərək dərəli-təpəli ərazini imitasiya ediblər. Orta sürəti 0,6 m/san təşkil edən hərəkət prosesində robot növbəti maneə haqda məlumatları əldə edib, alqoritm isə bu informasiyanı emal edib.
Mühəndislərin fikrincə, gələcəkdə onların həlli mürəkkəb təbii relyef üzrə müstəqil hərəkət edə biləcək robotları idarə etmək üçün istifadə edilə bilər.