Yeni texnologiya sonsuzluğun müalicəsində effektivliyi artıracaq
Danimarka alimləri süni yumurtalıqların yaradılması üzrə texnologiya hazırlayıblar. Yeni metod sonsuzluğun müalicəsində effektivliyi artıra bilər.
“ICTnews” Elektron Xəbər Xidməti “Naukatv” resursuna istinadən yazır ki, onkoloji xəstəliklərin müalicəsində tətbiq edilən kimyaterapiya və radioterapiya bəzən qadın reproduktiv sisteminin zədələnməsinə və sonsuzluğa səbəb olur. Bununla mübarizəyə kömək edən üsullardan biri yumurtalıq toxumasının transplantasiyasıdır. Xərçəngin müalicəsinə başlamazdan əvvəl yumurtalıq tam və ya qismən orqanizmdən ayrılır və material müalicə başa çatdıqdan sonra köçürülmə üçün istifadə məqsədilə dondurulur. Lakin bu halda yumurtalıq toxumasında xərçəng hüceyrələrinin mövcudluğu ilə bağlı müəyyən riskin olması xəstəliyin köçürülmədən sonra mümkün bərpası ehtimalını artırır.
Məhz bu riskin aradan qaldırılması üçün Kopenhagenin “Rigshospitalet” klinikasının alimləri yumurtalıq toxumasının bütün hüceyrələrini, o cümlədən xərçəng hüceyrələrini kənarlaşdıraraq yalnız zülallar və kollagendən (proteinlər ailəsinin əsas birləşdirici toxumaları) ibarət “karkası” saxlayıblar. Bundan sonra mütəxəssislər süni “karkas”da yumurtalıq follikulları yetişdirməyə nail olaraq mahiyyət etibarilə süni yumurtalıq əldə ediblər. Heyvanlar üzərində aparılan eksperimentdən məlum olub ki, metodika səmərəli işləyir: yumurtalıq siçan bədənində bitişib, yumurta hüceyrəsi isə həyat qabiliyyətini saxlayıb.
Ekspertlərin sözlərinə görə, tədqiqatın nəticələri yaxşı təsir bağışlayır. Çünki ilk dəfə yumurta hüceyrəsinin süni yumurtalıqda həyat qabiliyyətini saxlamaq mümkün olub. Lakin texnologiya klinikalara təklif edilməzdən əvvəl çoxlu sınaqların (həmçinin insanlar üzərində) keçirilməsinə ehtiyac duyur və bunun üçün daha 5-10 il tələb olunacaq.
Nizam Nuriyev
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL