waplog

Azərbaycanda Ünvan Reyestrinin yaradılmasına başlanıb


Azərbaycanın daşınmaz əmlak sektorunda həyata keçirilən ən mühüm layihələrdən biri - Ünvan Reyestrinin yaradılması üzrə işlərə start verilib.

Əmlak Məsələləri Dövlət Komitəsi Azərbaycanda Ünvan Reyestrinin İnformasiya Sisteminin yaradılması məqsədi ilə işlərin satın alınması üzrə açıq tender elan edib.

Komitənin rəsmi elanına əsasən, tenderdə son 5 ildə ünvan reyestri və oxşar informasiya sistemlərinin yaradılmasında təcrübəyə, həmçinin İT sistemləri üzrə beynəlxalq keyfiyyət sertifikatlarına malik olan nüfuzlu yerli və xarici hüquqi şəxslər iştirak edə bilərlər.

Tender təkliflərinin qiymətləndirilməsi zamanı ilk növbədə iddiaçı tərəfindən müvafiq işin yerinə yetirilməsinə dair yanaşma və metodologiya, sistemin yaradılmasına dair təklif olunan həllər, texnologiyalar və sistemin arxitekturasına dair təkliflər, işin təşkili və idarə edilməsi ilə bağlı təkliflər, eləcə də işçilərin təlimi və biliklərin ötürülməsinə dair təkliflər əsas götürüləcək.

Bundan başqa, seçim zamanı iddiaçının bu sahədə iş təcrübəsi və ixtisas tələblərinə uyğunluğu, təklif olunan işçi heyətinin peşəkarlığı, təcrübəsi və səriştəsi, görüləcək işlərin dəyəri nəzərə alınacaq.

Tenderdə iştirak haqqı 1000 manatdır. Əsas şərtlər toplusunu Bakı şəhəri, Hüseyn Cavid pr-ti,31 (Daşınmaz Əmlakın Kadastrı və Texniki İnventarlaşdırma Mərkəzi) ünvanından almaq olar. Tenderin texniki təklifləri dekabrın 1-dək, bank təminatı və maliyyə təklifləri isə dekabrın 8-dək təqdim olunmalıdır.

Qeyd edək ki, Azərbaycanda Ünvan Reyestrinin yaradılmasına 2010-cu ilin sentyabrından başlanıb. Azərbaycan və Norveç hökumətləri arasında imzalanmış müqaviləyə əsasən, «Azərbaycanda ünvan reyestrinin informasiya sisteminin yaradılması» qrant layihəsi Norveçin «Statens Kartverk» təşkilatı ilə birlikdə icra edilir.

Sazişə əsasən, 1,5 il ərzində Azərbaycanda müasir informasiya-kommunikasiya texnologiyaları əsasında avtomatlaşdırılmış Ünvan Reyestri Sisteminin qurulması nəzərdə tutulur. İşlər planlaşdırıldığı kimi davam edərsə, artıq 2013-cü ildə Azərbaycanda vahid ünvan sistemi yaradılacaq.

Ünvan Reyestrində daşınmaz əmlakın ünvanının rekvizitləri, yaşayış məntəqələri və nəqliyyat infrastrukturu obyektlərinin adları, bu adların yaranması, verilməsi və dəyişdirilməsinin əsasları və tarixləri, daşınmaz əmlakın növü, onun mülkiyyətçisi haqqında məlumatlar sistemləşdirilmiş şəkildə toplanmalıdır.

Reyestrdə obyektin ünvanından başqa, onun növü, əmlakın sahibi, yerləşdiyi ünvanın indiki və əvvəlki adları və s. sistemləşdirilmiş məlumatlar olacaq. Bu məlumatlar həm mətn, həm də ünvan-xəritə materialları şəklində saxlanılacaq.

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL