NRYTN aprel döyüşlərinə həsr olunmuş virtual reallıq oyununu yenidən maliyyələşdirir
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ölkədə startap hərəkatının genişləndirilməsi istiqamətində həyata keçirilən tədbirlərdən biri kimi, uğurlu innovativ layihələrə daim dəstək göstərir.
Bunun nəticəsidir ki, nazirliyin İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondundan qrant almış, Yüksək Texnologiyalar Parkının Biznes İnkubasiya Mərkəzində fəaliyyət göstərən startapçılar "Made in Azerbaijan" brendi altında öz məhsullarını artıq dünya bazarlarında da təqdim edirlər.
Belə uğurlu layihələrdən biri də Yüksək Texnologiyalar Parkının Biznes İnkubasiya Mərkəzinin rezidenti olan "CustomAR" şirkəti tərəfindən hazırlanan "Yüksəklik" adlanan virtual reallıq (VR) döyüş oyunudur. Oyun düşmənə qarşı vuruşan qəhrəman əsgərlərimizə həsr edilib. Oyunun yaradıcıları 2016-cı il aprel ayında cəbhə xəttində Milli Ordumuzun qəhrəmanlıqla əldə etdiyi "Lələ Təpə" yüksəkliyindən ilhamlanıb. 2018-ci ildə Türkiyədə oyun sərgisində səhnə tərtibatı ilə istifadəçilərə təqdim olunan oyun ziyarətçilərin böyük marağına səbəb olub.
Bu oyun yaradıcıları tərəfindən həm də virtual hərbi simulyator kimi inkişaf etdirilir. Hazırda layihə daha da təkmilləşdirilir və silahlı qüvvələr üçün hərbi simulyator prototipi kimi iki müxtəlif layihə formasında hazırlanır.
Bununla yanaşı, "CustomAR" şirkəti hərbi qüvvələr üçün virtual reallıq (VR) treninqləri təşkil etmək niyyətindədir. Bu məqsədlə istifadə üçün nəzərdə tutulan qurğuların alınmasına Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi vəsait ayırıb.
Ayrılan vəsait hesabına sözügedən şirkət Azərbaycan istehsalı olan VR simulyatorlar hazırlayaraq, onun daxili və xarici bazarda satışını təşkil edəcək. Bununla da "Made in Azerbaijan" brendi altında daha bir innovativ məhsul dünya bazarına çıxarılacaq.
Bu gün keçirilən mərasimdə ayrılan vəsait "CustomAR" şirkətinin rəhbərinə təqdim olunub.
Məlumat üçün bildirək ki, "CustomAR" şirkəti 4 ildir ki, Azərbaycanda Virtual Reallıq, Artırılmış Reallıq və 360 interaktiv texnologiyalar sahəsində uğurla fəaliyyət göstərir.
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL