Osaka Universitetinin professoru Hirosi İsiquro 4 təkər üzərində hərəkət etmək qabiliyyətinə malik İbuki adlı insanabənzər robot təqdim edib. Professor İsiquro robot texnikası sahəsində öz həlləri ilə bütün dünyada tanınır. O, robotların insanlar arasında olmasını arzulayır və son həlli bu istiqamətdə irəliləyiş üçün hazırlanıb.
"ICTnews" Elektron Xəbər Xidməti "hi-news.ru" saytına istinadən yazır ki, yeni robotun boyu 120 sm, çəkisi 37 kq-dır. Robot 10 yaşlı uşaq kimi modelləşdirilib, buna görə digər robotlar kimi vahiməli görünüşə malik deyil. Robotun karkası karbon və plastik kimi materiallardan işlənib hazırlanıb, sifəti və əlləri isə lateksdən hazırlanmış "dəri" ilə örtülüb. Robotun bədəni ona gülümsəməyə, əli ilə əşyaları tutmağa, əllərini yelləməyə imkan verən 47 mühərrikdən ibarətdir.