waplog

Bakıda Ümumdünya Avtomatik İdarəetmə Sistemləri Təşkilatının növbəti konfransı keçirilir


Sentyabrın 13-də Bakıda Ümumdünya Avtomatik İdarəetmə Sistemləri Təşkilatının (IFAC) dəstəklədiyi Texnologiya, Mədəniyyət və Beynəlxalq Sabitlik üzrə 18-ci beynəlxalq elmi konfrans (TECIS 2018) öz işinə başlayıb.

 

"Azərbaycan Robotika və Avtomatlaşdırma Cəmiyyəti" İctimai Birliyinin və Avstriyanın Vyana Texnologiyalar Universitetinin birgə təşkilatçılığı ilə keçirilən konfransda dövlət və hökumət rəsmiləri, elm və təhsil müəssisələrinin, ölkəmizdə akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, xarici və yerli alimlər, tədqiqatçılar iştirak edirlər.

 

Tədbirdə "Azərbaycan Robotika və Avtomatlaşdırma Cəmiyyəti" İctimai Birliyinin və konfransın təşkilat komitəsinin sədri, texnika üzrə fəlsəfə doktoru Bahadur İbrahimov IFAC-ın yaranma tarixi, fəaliyyət istiqamətləri barədə məlumat verib. Bildirilib ki, 1957-ci il sentyabrın 12-də Parisdə təsis olunan IFAC 1978-ci ildən Avstriya hökumətinin dəvəti və dəstəyi ilə fəaliyyətini bu ölkənin Laksenburg şəhərində davam etdirir. Belə ki, 49 ölkənin avtomatlaşdırılmış idarəetmə və mühəndislik üzrə təşkilatlarını özündə birləşdirən IFAC il ərzində onlarla beynəlxalq tədbir keçirir. Hazırda bu qurum robotikanın əsasını təşkil edən avtomatlaşdırma və nəzarət mexanizmləri üzrə dünyada ən nüfuzlu təşkilat hesab olunur.

 

B.İbrahimov diqqətə çatdırıb ki, tədbirdə IFAC-ın TECIS texniki komitəsinin 35 illik yubileyi qeyd olunur. IFAC-ın Bakıda ilk və son toplantısı 1980-ci ilin aprelində ümummilli lider Heydər Əliyevin dəstəyi ilə keçirilib. Paytaxtımızda 38 ildən sonra yenidən təşkil olunan bu nüfuzlu konfransda beynəlxalq rəyçilər tərəfindən seçilmiş 170 məqalə 9 plenar sessiyada təqdim ediləcək.

 

Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə vurğulayıb ki, bu cür nüfuzlu konfransın ölkəmizdə təşkili alimlərimiz üçün böyük imkanlar açır: "Əminəm ki, tədbir azərbaycanlı alimlərin avtomatika və robotika sahəsinə maraqlarını artıracaq, onlara tədqiqatlarının nəticələrini dünyanın tanınmış alimləri ilə müzakirə etməyə və dünyanın məşhur elm adamları ilə əlaqə qurmağa şərait yaradacaq".

 

IFAC-ın prezidenti, Almaniya Elm Fondunun vitse-prezidenti, Ştutqart Universitetinin professoru Frank Allgover və digər çıxış edənlər konfransın dünya elminə töhfə verəcəyinə əminliklərini bildiriblər.

 

Avtomatik idarəetmənin texnika, iqtisadiyyat, robotika, tibb, sosial həyat və siyasət ilə əlaqəsini əks etdirən tədbirdə "Kiçik və orta sahibkarlıq üzrə avtomatlaşdırma", "Mexatronik sistemlər və robotlar", "Bio-tibbi sistemlər", "Avtomatlaşdırma və nəzarət mexanizmləri", "Humanoid robotlar" və digər mövzularda təşkil olunacaq sessiyalarda alimlər yeni nailiyyətləri barədə məruzə edəcək, müzakirələr aparacaqlar.













NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL