"İdeyadan Biznesə" startap turlarının növbəti mərhələsinə start verilir
Startap hərəkatının genişləndirilməsinə və vətəndaşların innovativ ideyalarının reallaşdırılmasına dəstək məqsədi ilə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Heydər Əliyev Fondunun "Regional İnkişaf" İctimai Birliyi və "Microsoft" şirkəti ilə birgə "İdeyadan Biznesə" layihəsi çərçivəsində Bakı və regionlarda startap turlarının növbəti mərhələsinə start verib.
Azərbaycan Gənclər Fondu, Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı "İdeyadan Biznesə" layihəsinə dəstək verən təşkilatlar sırasına qoşulub. Layihənin tərəfdaşı isə "Azercell" şirkətidir.
Startap turlarının budəfəki proqramı olduqca zəngindir. Belə ki, ali təhsil müəssisələrində infossesiyalarla yanaşı, ayrıca startap turları da təşkil olunacaq. Bakı Dövlət Universiteti, Azərbaycan Texniki Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Xəzər Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Bakı Mühəndislik və ADA Universitetlərində startap turları keçiriləcək.
Eyni zamanda, xarici və yerli texnoparkların, inkubasiya mərkəzlərinin nümayəndələrinin iştirakı ilə biznes layihələrinin hazırlanması, müzakirəsi, təqdimatı, eləcə də mentorların dəstəyi ilə startap-komandaların və ideyaların formalaşdırılması üzrə Şəki şəhərində "İdeyadan Biznesə" layihəsi çərçivəsində beynəlxalq İnnovasiya Düşərgəsi ("İnnoCamp") təşkil olunacaq.
Regionlar üzrə turların, ətraf rayon və şəhərləri də əhatə etməklə, Sumqayıt, Şəki, Gəncə, Bakı şəhərlərində və Naxçıvan Muxtar Respublikasında keçirilməsi nəzərdə tutulur.
Xatırladaq ki, sözügedən turlar artıq Mingəçevir, Lənkəran və Quba şəhərlərində keçirilib və qaliblər müəyyənləşib.
Startap turu çərçivəsində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Yüksək Texnologiyalar Parkı, İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu sözügedən şəhərlərdə informativ sessiya, interaktiv hissə, müsabiqə və müxtəlif mövzuları əhatə edən təlimlər keçirir.
Tədbirin birinci hissəsində startapları əsas müsabiqəyə hazırlamaq üçün kiçik biznes-treninqlər təşkil olunur, ikinci hissədə isə onlar öz ideyalarını münsiflər heyəti qarşısında təqdim edirlər. Daha sonra seçilmiş layihələr birincilik uğrunda mübarizə aparır. Hər çıxışdan sonra sual-cavab və layihənin müzakirəsi baş tutur. İkinci hissənin sonunda münsiflər hər region üzrə 1-ci, 2-ci və 3-cü yerlərin qaliblərini müəyyənləşdirirlər. Qalib olan layihələr Bakıda keçiriləcək Milli Finalda iştirak hüququ qazanır.
Milli Finalda qalib gələcək 1-ci, 2-ci və 3-cü yerlərin sahibləri təşkilatçılar və tərəfdaşlar tərəfindən mükafatlandırılacaq, eyni zamanda 24-cü "Bakutel" Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar sərgi-konfransı çərçivəsində layihələrini təqdim etmək imkanı əldə edəcəklər.
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL