“2K” təsvir ölçülü ekrana malik ilk smartfon buraxılıb
Çinin “Elephone” şirkəti çətin şəraitdə iş üçün nəzərdə tutulan və “Quad HD” (2560 × 1440 piksel) təsvir ölçülü ekranla təchiz edilən ilk smartfon yaradıb. “Elephone Soldier” adlanan model 190 dollara təklif olunur.
“ICTnews” Elektron Xəbər Xidməti “3DNews” resursuna istinadən yazır ki, smartfonun ekranının diaqonal ölçüsü 5,5 düym təşkil edir, aparat platforması rolunda isə “MediaTek Helio X25” birkristallı sistemi çıxış edir. Quraşdırılmış yaddaşın tutumu modifikasiya və qiymətdən asılı olaraq 64-128 giqabayt arasında dəyişir. Operativ yaddaşın həcmi isə 4 giqabayta bərabərdir.
“Elephone Soldier” smartfonunun arxa tərəfi 21 meqapikselli sensor əsasında qurulub, ön fotomodulunun əsasını 16 meqapikselli ötürücü təşkil edir. Qurğu üçün enerji mənbəyi rolunda 2 gün enerji toplamadan işləyən 5 min milliamper/saat tutumlu akkumulyator batareyası çıxış edir.
Korpusu zərbəyədavamlı olan smartfon, həmçinin “IP68” standartı üzrə sukeçirməzdir və tozdan mühafizəyə malikdir. Bu isə o deməkdir ki, qurğu 30 dəqiqə ərzində suyun 2 metr dərinliyində qala bilər. Bundan başqa, adi telefonlar üçün xas olmayan xüsusiyyətlər arasında fiziki kompas və SOS düyməsi qeyd edilir.