İstənilən məhsulun orijinallığını müəyyən edən startap layihəsi
“iQRex” TƏTBİQİ TEZLİKLƏ İSTİFADƏYƏ VERİLƏCƏK
Məlumat verdiyimiz kimi, Cənubi Afrika Respublikasında təşkil edilən “ITU Telecom World 2018” beynəlxalq sərgi-konfransı çərçivəsində Kiçik və Orta Sahibkarlığın Qlobal İnnovasiya (Global SME Award) mükafatının qalibləri də müəyyən olunub. Azərbaycanın startap layihəsi ilk dəfə olaraq bu nüfuzlu mükafatın qaliblərindən olub. Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Yüksək Texnologiyalar Parkının rezidenti olan Azərbaycan şirkəti və məhsulu olan “iQRex” ən innovativ tətbiq seçilib. Daha ətraflı layihənin müəlliflərindən olan Cəlal Rəhimov danışacaq.
Kiçik və Orta Sahibkarlığın Qlobal İnnovasiya (Global SME Award) mükafatı İT sənayesinin ən nüfuzlu mükafatı hesab olunur. Neçə layihə arasında bu qalibiyyətə nail ola bildiniz?
Bildiyiniz kimi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyi ilə bizim də təmsil olunduğumuz nümayəndə heyəti Beynəlxalq Telekommunikasiya İttifaqı tərəfindən Cənubi Afrika Respublikasında təşkil edilən “ITU Telecom World 2018” beynəlxalq sərgi-konfransında iştirak edirdik.
Qeyd edim ki, “ITU Telecom World” beynəlxalq arenada telekommunikasiya sahəsində ən böyük tədbir hesab olunur.
Tədbir çərçivəsində İKT sahəsi üzrə forumlar, seminarlar, təqdimatlar təşkil edilmişdi, sərgi hissəsində isə Milli pavilyonlarda müxtəlif ölkələrin şirkətlərinin həlləri nümayiş etdirilirdi.
Sərgidə ölkəmizə məxsus pavilyonda biz də öz yeniliklərimizi təqdim etdik və sərgi iştirakçılarının diqqətini cəlb edə bildik.
Sərgi çərçivəsində Kiçik və Orta Sahibkarlığın Qlobal İnnovasiya (Global SME Award) mükafatı deyilən bir müsabiqə keçirildi. Yarışda Yaponiya, Cənubi Afrika, Koreya, Çin, Keniya, Nigeriya və Mozambik kimi ölkələrin təmsilçiləri öz innovativ layihələrini təqdim edirdilər. Müsabiqədə təxminən 130-dək layihə yarışırdı.
Ümumiyyətlə, qeyd edim ki, yarışın məqsədi insanların həyatını yaxşılaşdıran yeniliklər təqdim edən sahibkarları təşviq etməkdir.
Qaliblər sosial və texniki ekspertlərdən ibarət münsiflər heyəti tərəfindən müəyyən edildi.
Müsabiqəyə təqdim edilən layihələrlə bağlı deyə bilərəm ki, onlar əsasən, genişzolaqlı optik kabel, rəqəmli kənd təsərrüfatı, mobil təlim, təhsil, səhiyyə, virtual və artırılmış reallıq texnologiyaları, onlayn bilet satışı, onlayn ödəmə, qeyri-rəsmi əmanət platformaları, məşğulluq kimi geniş spektrli sahələri əhatə edirdi.
Yarışın məqsədi insanların həyatını yaxşılaşdıran yeniliklər təqdim edən sahibkarları təşviq etməkdir. “iQRex” startap layihəsinin məqsədi nədir? Bir qədər layihə haqda məlumat vermənizi xahiş edirik.
Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Yüksək Texnologiyalar Parkının rezidenti olan “iQRex” layihəsi finala keçərək ilin ən maraqlı startaplarından biri seçildi.
Beləliklə, Azərbaycan layihəsi ilk dəfə olaraq bu beynəlxalq mükafatı qazandı.
“iQRex” layihəsinin özəlliyi nədir?
“iQRex” saxta məhsullara qarşı sadə və effektiv müdafiə sistemidir. İntellektual sistemin əsas hədəfi istənilən məhsulların tam əminliklə orijinallığını təsdiq etməkdir. Bunun üçün istehsalçı sistemdə qeydiyyatdan keçir və öz məhsulları üçün xüsusi “iQRex” etiketi əldə edir. Hər bir etiketə isə sistemdə unikal və birdəfəlik kod tətbiq edilir. Stikerlər müdafiə təbəqəsi ilə bağlanır, məhsulun üzərinə vurulur. İstehlakçı məhsulu aldıqdan sonra onun üzərindəki müdafiə təbəqəsini silir, “iQRex”in pulsuz mobil tətbiqindən istifadə edərək, unikal kodu telefonun kamerası ilə oxuyur və dərhal məhsul haqqında məlumat alır. Bununla da, məhsulun orijinallığını təsdiq edir. Əgər məhsul orijinaldırsa, istehlakçı, eyni zamanda, yığılan bonuslar da əldə edir. Tezliklə layihə tam gücü ilə istifadəçilərin ixtiyarına veriləcək.
Bəs “iQRex”in anlamı nədir?
iQ insanın intellekt əmsalından ( İQ) bəhs edir və REX qədim latın dilində kral deməkdir. Texniki mənası isə ağıllı QR tətbiqlər deməkdir. Daha dəqiq desək, “iQRex” layihəsi - QR kod vasitəsi ilə orijinal məhsulların qeyri-orijinallardan fərqini müəyyənləşdirir.
“ITU Telecom World” sərgi-konfransı Sizin üçün daha başqa hansı məqamla yadda qaldı?
“ITU Telecom World” konfransı dünyanın müxtəlif ölkələrindən İT üzrə startapların çoxluğu və zənginliyi ilə diqqətimizi çəkdi. Bu tədbirin miqyası bir daha təsdiq etdi ki, yüksək texnologiyalar sahəsində imkanlar böyükdür və Azərbaycanın adından mütləq qaydada davamlı olaraq beynəlxalq arena üçün layihələr təqdim etmək zəruridir. Dövlət qayğısı və dəstəyinin olması bizə imkan yaratdı ki, layihəmizi beynəlxalq sərgidə uğurla təqdim edək.
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL