waplog

Maykl Dell: “Dünyanın ən böyük İT şirkətinin rəhbəri üçün nə satdığı önəmli deyil, əsas odur ki, o, satmağı bacarır”


Maykl Dell 1965-ci il 23 fevral tarixində zəngin bir ailədə Hyustonda (Texas ştatı) doğulub. Onun atası stomatoloq işləyib, anası brokerlik fəaliyyəti ilə məşğul olub.

Uşaqlıqdan təhsildə xüsusi müvəffəqiyyət qazanmayıb. Müəllimlərindən biri hətta onun haqqında deyib ki, Maykl “ehtimal ki, öz həyatında heç nəyə nail olmayacaq”. O, on iki yaşı olarkən ilk kiçik biznesini müvəffəqiyyətlə həyata keçirir. Köhnə markalarla maraqlanan Maykl onlarda özü üçün əla ticarət imkanı görür və markaların hərracını yaradır.

Maykl 12 səhifəlik kataloq çap etdirir və bir neçə insanı ona öz markalarını etibar etməyə inandırır. O, “Linn's Stamp Journal”-da "Della Markaları" adı altında reklamını yerləşdirir. Nəticədə Maykl 2000 dollar qazanır.

Dell yuxarı siniflərdə oxuyarkən “Houston Post” qəzetinin abunə ilə satışından pul qazanmağı qərara alır. O, artıq - “elə əhəmiyyətli deyil ki, sən nə satırsan, əsas odur ki, sən bunu necə edirsən” - düşüncəsini öz həyat devizinə çevirmişdi.

Maykl düşünürdü ki, bu biznesi uğurla həyata keçirmək üçün mükəmməl obyekt gənclərdir. O, bir neçə yoldaşını işə götürərək onlara bildirir ki, yeni evlənmiş cütlüklərin adlarını və ünvanları əldə etsinlər. Hər informasiyaya görə 2 dollar ödəyir.

O, məlumatları kompyuterə daxil edərək hər bir cütlüyə şablon olmayan fərdi məktub yazır və göstərir ki, toy hədiyyəsi olaraq “Houston Post” qəzeti 2 həftə pulsuz olaraq sizə göndəriləcək. Qısa zaman ərzində Dell bu işdən 18 000 dollar qazanmağı bacarır və “BMW” avtomobili alır.

Mayklın bu addımları valideynlərində yaxşı təəssürat yaratmırdı. Onlar Mayklı inandırmağa çalışırdılar ki, o, universitetə daxil olmalı və özünü tibbə həsr etməlidir. O, orta təhsilini bitirərək Ostində yerləşən Texas Universitetinin biologiya fakultəsinə daxil olur.

Maykl universitetdə oxuyarkən müstəqil şəkildə kompyuterlərin təchizini həyata keçirməyə başlayır. Fərdi kompyuter çox sürətli templə inkişaf edirdi. Tələbələr yüksək texnologiyalar dünyasına qoşulmaq istəyirdilər, amma dilerlər kompyuterləri baha qiymətlə təqdim edirdilər.

Dell “İBM” dilerlərinin anbar qalıqlarını almağa başlayır və emalatxanaya çevirdiyi tələbə yataqxanasındakı otağında onları komplektləşdirərək hazır vəziyyətə gətirir.

Sonra Maykl "istifadəçi üçün optimallaşdırılmış" kompyuterləri aşağı qiymətlərlə müştərilərə təklif edərək qəzetlərdə reklam yerləşdirir. Tezliklə kompyuterləri biznesmenlərə, həkimlərə və hüquq şirkətlərinə satmağa başlayır.

Artıq onun təmtəraqlı avtomobilinin yük yeri anbar kimi istifadə olunurdu, universitet şəhərciyindəki otağı isə yaşayış üçün yararsız vəziyyətdə idi.

Beləliklə, Maykl “PC's Limited” şirkətinin əsasını qoyur. Şirkət yaxşı gəlir gətirməyə çox tezliklə başlayıb, bununla əlaqədar olaraq 19 yaşında universitet təhsilini yarımçıq qoyub və öz vaxtını bizneslə məşğul olmağa sərf edib.

1987-ci ildən “PC's Limited” şirkəti “Dell Computer Corporation” adlandırılıb. 2003-cü ildə şirkət adı yenidən dəyişdirilərək “Dell İnc.”, olub, çünki artıq istehsal edilən malların çeşidi əhəmiyyətli dərəcədə genişləndirilmişdi.

2004-cü ildə şirkətin satış həcmi 49 milyard, gəliri isə təxminən 3 milyard dollar təşkil edib. Maykl Dell 2004-cü il, mart ayının 4-də baş icraçı direktor postundan gedib, amma Direktorlar Şurasının sədri olaraq qalır.

“Forbes” jurnalının dərc etdiyi ABŞ-ın 400 ən zəngin insanı siyahısının son versiyasına görə, Dell 15 milyard həcmində kapitalı ilə 18-ci mövqedə olub. Maykl Dell Malibuda (Kaliforniya ştatı) yaşayır. Onun evi dünyada ən böyük evlərin siyahısında 15-ci yerdədir .

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL