Yeni “Microsoft” sistemi yanacaqdoldurma məntəqələrində siqaret çəkənləri aşkarlayacaq
“Microsoft” korporasiyası “Shell” neft şirkəti ilə birgə yanacaqdoldurma stansiyalarında qayda-qanuna nəzarət edəcək neyroşəbəkə təqdim edib. Məsələn, sistem yanacaqdoldurma məntəqələrində siqaret çəkənləri aşkarlayacaq.
“ICTnews” Elektron Xəbər Xidməti “Life” resursuna istinadən yazır ki, belə süni intellektin yaradılmasına maraq onunla əlaqədardır ki, yanacaqdoldurma stansiyalarında siqaretin çəkilməsi ciddi yanğına səbəb ola bilər. “Microsoft” neyroşəbəkəsi məhz belə mənfi hallarla mübarizə aparacaq.
Məlumata görə, sistem müşahidə kameralarına qoşularaq kadrda siqaretin və ya siqaret çəkən şəxsin görünməsini izləyəcək. Obyekt aşkarlanan zaman neyroşəbəkə təhlükəsizlik xidmətinə bu barədə məlumat verəcək.
Ekspertlər qeyd edir ki, təlimin düzgün aparılması halında neyroşəbəkədən etibarlı köməkçi kimi istifadə etmək mümkündür.