waplog

Şəki şəhəri üzrə startap turunun nəticələri bəlli olub


"İdeyadan Biznesə" layihəsi çərçivəsində Şəkidə  təşkil olunan  "İnnoCamp" innovasiya düşərgəsinin ilk iş günü - 28 sentyabr Şəki şəhəri üzrə startap turu da keçirilib.  

 

Tədbirdə "AIESEC in Azerbaijan"nın nümayəndələri tərəfindən iştirakçılar üçün startap komandalarının formalaşması, layihə təqdimatının düzgün hazırlanması, investorlara layihənin satışı yolları, bazarın araşdırılması kimi məsələləri əhatə edən təlim keçirilib.

 

Təlimdən sonra, peşəkar mentorlar tərəfindən ideyası olan iştirakçılardan ibarət 7 komanda formalaşdırılıb və onlar müsabiqəyə hazırlanıb. Həmin layihələrin hər birinin ayrı-ayrılıqda "Kanvas" modelinə əsasən, biznes sxemləri hazırlanıb. Qeyd edək ki, bu model sadə və unikal olduğu üçün sahibkarlıq sahəsində  iş planlarının hazırlanmasında çox mühüm yer tutur.

 

Daha sonra komandalar 3 dəqiqə ərzində öz layihələrini  münsiflər heyəti qarşısında təqdim ediblər. Münsiflər layihələri "İdeya", "İnnovasiyalar", "Texnologiyalar" və "Mümkünlük" kriteriləri üzrə qiymətləndiriblər.

 

Budəfəki startap turuna təqdim etdiyi qlobal layihə ilə digərlərindən əsaslı sürətdə fərqləndiyi üçün Vüqar Abdullayevin "İnformasiya sistemlərinin gücləndirilməsi" layihəsinin əlavə mütəxəssislər cəlb edilməklə xüsusi qiymətləndirilməsi qərara alınıb.

 

Bir neçə sosial ideyası ilə startap turunun ən təşəbbüskar üzvü kimi Aytac Əhmədova layihəsini təkmilləşdirmək şərti ilə Gəncə şəhərində keçirilən startap turuna dəvət edilib.

 

Müsabiqədə I, II və III yerlərin sahibləri  müvafiq olaraq "Şəhər tur",  "Walking business",  "shekide.com layihələri olub. Tədbirin yekununda qaliblər mükafatlandırılıb və Bakıda keçiriləcək Milli Finalda iştirak hüququ qazanıblar.

 

Məlumat üçün bildirək ki, Milli Finalda qalib gələcək 1-ci, 2-ci və 3-cü yerlərin sahibləri təşkilatçılar və tərəfdaşlar tərəfindən mükafatlandırılmaqla yanaşı, 24-cü "Bakutel" Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar sərgi-konfransı çərçivəsində layihələrini təqdim etmək imkanı da əldə edəcəklər.

 

 Sərgi-konfransın keçiriləcəyi 4-7 dekabr tarixinədək qaliblər layihələrinin prototipini hazırlamalıdırlar.





















NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL