waplog

“Microsoft” “İnformasiya-Kommunikasiya Texnologiyalarının Tətbiqi və Tədrisi Mərkəzi”ndə laboratoriya yaradacaq


Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (NRYTN) və Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən “İnnovasiya həftəsi” çərçivəsində NRYTN və “Microsoft Azərbaycan” arasında əməkdaşlığa dair təqdimat keçirilib.

 

Qeyd edək ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nəzdində fəaliyyət göstərən “AzİnTelecom” və “Microsoft” şirkəti arasında dövlət strukturları üçün proqram təminatı lisenziyalarının alınması haqqında 3 illik saziş mövcuddur. Sazişin əsas məqsədi bu sahədə xərclərə qənaət etmək, ölkənin əqli mülkiyyət hüquqlarının qorunması ilə bağlı reytinqlərdə mövqeyini yaxşılaşdırmaq, innovasiya ekosistemini inkişaf etdirmək, bu sahəyə xarici investisiyalar cəlb etmək, habelə ölkədə elektron xidmətlərdən istifadə sayını artırmaqdır.

 

Tərəflər arasında əldə olunan razılığa əsasən, dövlət qulluqçularının kompüterləri (20,000 lisenziya) “Microsoft” proqram təminatı lisenziyaları (Windows Pro, Office 365 ProPlus, Core CAL) ilə təmin edilir, habelə ali təhsil müəssisələri akademik güzəşt ilə lisenziyalaşdırılır.

 

Tədbirdə çıxış edən  Nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin birinci müavini Əli Abdullayev  bu layihənin davamlı icrasının dövlət qurumlarında mövcud lisenziya problemlərinin aradan qaldırılması ilə kibertəhlükəsizlik, əqli mülkiyyətin və fərdi məlumatların qorunması, elektron mühitin inkişafına müsbət təsir edəcəyini bildirib. Ə.Abdullayev vurğulayıb ki, bu da öz növbəsində ölkəmizin informasiya-kommunikasiya texnologiyaları ilə yanaşı, ümumi iqtisadiyyatın bir sıra istiqamətlərində, o cümlədən investisiya mühiti üzrə   beynəlxalq reytinqlərdə irəliləməsinə müsbət təsir edəcək.

 

Bundan əlavə, nazir müavini qeyd edib ki, “Microsoft Azərbaycan”ın tərəfdaşlığı ilə informasiya texnologiyaları, kibertəhlükəsizlik,  təhsil, əqli mülkiyyət və digər sahələrdə uğurlu layihələr həyata keçirilir. “Microsoft” şirkəti Azərbaycanda elektron imzanın istifadəsini təmin edən “Açıq Açar İnfrastrukturu”nun qurulmasında bilavasitə iştirak edib. Layihə çərçivəsində yaradılmış Milli Sertifikat Xidmətləri Mərkəzi dövlət qurumlarını, hüquqi və fiziki şəxsləri gücləndirilmiş elektron imzalarla təmin edir. Bu günədək mərkəz tərəfindən istifadəçilərə 159 mindən çox elektron imza sertifikatı təqdim olunub. Bu istiqamətdə “Microsoft”la birgə aparılan uğurlu işlərin davamı olaraq ölkəmiz üçün əhəmiyyətli növbəti innovativ layihə olan elektron imzanın yeni nəsil şəxsiyyət vəsiqələrində yerləşdirilməsinin həyata keçirilməsidir”.

 

Daha sonra “Microsoft” şirkətinin Mərkəzi və Şərqi Avropa ölkələrində Dövlət Qurumları üzrə rəhbəri cənab Evanqelos Xrisafidis, MDB ölkələrində Kibertəhlükəsizlik və lisenziya uyğunluğu üzrə direktor Dmitri Beresnev, “Microsoft Azərbaycan”ın baş direktoru Sərxan Həşimov çıxış ediblər.

 

Tədbir çərçivəsində nazirliyin tabeliyindəki “İnformasiya-Kommunikasiya Texnologiyalarının Tətbiqi və Tədrisi Mərkəzi” MMC ilə “Microsoft Azərbaycan” arasında “Əşyaların İnterneti (İOT)” laboratoriyalarının yaradılmasına dair Anlaşma Memorandumu imzalanıb.










NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL