waplog

“İnnovasiya həftəsi” çərçivəsində “Hackathon”-a start verildi


Azərbaycanda ilk dəfə olaraq 26-30 oktyabr tarixlərində keçirilən beynəlxalq “İnnovasiya həftəsi” çərçivəsində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nəzdində fəaliyyət göstərən “AzInTelecom” MMC-nin təşkil etdiyi "Hackathon-AzIn 2018" müsabiqəsinə bu gün start verilib.

29-30 oktyabr tarixlərində Yüksək Texnologiyalar Parkının dəstəyi ilə keçirilən sözügedən tədbir “Şəkil tanıma texnologiyası üzrə veb tətbiqetmənin hazırlanması” mövzusunu əhatə edir.

Müsabiqə üç mərhələdən ibarətdir. “Hackathon”-un birinci mərhələsi “AzInTelecom” tərəfindən iştirakçılara mövzu ilə bağlı müvafiq tapşırığın verilməsi ilə başlayıb. Yarışın ikinci mərhələsində iştirakçılar tapşırığın proqramlaşdırma və təqdimatı üzərində işləyəcək, 30 oktyabrda keçiriləcək üçüncü mərhələdə isə verilən tapşırıqların icrası qiymətləndirilərək yarışın qalibi seçiləcək.

Proqramçıların iki gün ardıcıl davam edən bu yarışında qalib gələn iştirakçılara “AzInTelecom” MMC və müsabiqənin sponsorları tərəfindən mükafatlar təqdim olunacaq. Birinci yerin qalibi 5 000 AZN, ikinci yer 3 000 AZN, üçüncü yerin qalibi isə 1 000 AZN məbləğində pul mükafatına layiq görüləcək.

Məlumat üçün bildirək ki, təqdim olunan həllərin qiymətləndirilməsində məntiq, dizayn, funksionallıq və innovativlik kimi kriteriyalar nəzərə alınacaq.

Qeyd edək ki, “Azercell”, “Risk”, “Bestcomp”, “İl Patio” və “Huawei” şirkətlərinin baş sponsorluğu ilə keçirilən "Hackathon-AzIn 2018" bir çox mütəxəssislər üçün özünü tanıtmaq, layihəsini təqdim etmək, eləcə də investor və şirkətlər üçün istedadlı gəncləri öz komandalarına cəlb etmək üçün imkanlar yaradır.

Xatırladaq ki, “Hackathon” ortaq fikrə sahib insanların komanda şəklində çalışaraq öz innovativ fikirlərini koda çevirməsidir.  Bu müsabiqə  zamanı iştirakçılar 24-48 saat müddətində verilən tapşırıq üzrə yeni həll müəyyən etmək və onu təqdim etmək üçün bir araya gəlirlər.

Layihə haqqında ətraflı məlumat əldə etmək istəyənlər hackathon.azintelecom.az ünvanından istifadə edə bilərlər.



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL