waplog

Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının səlahiyyətli konfransında təmsil olunur


Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) səlahiyyətli konfransı keçirilir. Bu gün konfransın açılış mərasimində Birləşmiş Ərəb Əmirliklərinin Vitse-Prezidenti, Baş nazir Şeyx Məktum Bin Rəşid, Birləşmiş Ərəb Əmirliklərinin Telekommunikasiya Sektorunun Tənzimlənməsi üzrə Ümumi İdarənin baş direktoru Hamad Al Mansuri, Beynəlxalq Telekommunikasiya İttifaqının baş katibi Houlin Cao, İttifaqa üzv dövlətlərin sahə üzrə nazirləri və digər rəsmi şəxslər iştirak edib.
 
Azərbaycanı beynəlxalq tədbirdə nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadənin rəhbərliyi ilə rəsmi nümayəndə heyəti təmsil edir. Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə İttifaqın 31 oktyabr tarixində keçiriləcək plenar iclasında çıxış edəcək.
 
BTİ-nin baş katibi H.Cao konfransın açılış mərasimindəki çıxışı zamanı bildirib ki, dünyada 3,9 milyard insan hələ də internetdən istifadə etmir. Buna görə də səlahiyyətli konfrans çərçivəsində Birləşmiş Millətlər Təşkilatının "Davamlı İnkişaf Məqsədləri"nə uyğun olaraq, 2020-ci ilədək bu məqsədlərə nail olmaq istiqamətində əldə edilmiş irəliləyişlər  təhlil ediləcək. O bildirib ki, BTİ üzv dövlətlər arasında  dövlət, özəl sektor və vətəndaş cəmiyyəti üçün bərabər şərait yaratmağı, İKT sektorunun inkişafını təmin etməyi, qarşıya qoyulan məqsədlərə qısa zaman ərzində çatmağı, eləcə də, sahə üzrə  gender balansı yaratmağı təşviq edir.
 
Qeyd edək ki, səlahiyyətli  konfrans Beynəlxalq Telekommunikasiya İttifaqının ali qərar qəbul edən orqanıdır. O,  193 üzv dövlətin İttifaqın ümumi strateji və maliyyə planları, rəhbərliyi və növbəti 4 il üçün istiqamətlərini müəyyən etdiyi ən yüksək səviyyəli toplantı hesab olunur.
 
Konfrans çərçivəsində BTİ üzv dövlətləri informasiya və kommunikasiya texnologiyaları üzrə 2020-2023-cü illər üçün  yol xəritəsini  hazırlayacaq.
 
Eyni zamanda, 48 üzv dövlət növbəti 4 il müddətində BTİ-nin  Şurasında, İttifaqın idarəetmə orqanında, səlahiyyətli konfranslarda təmsil olunmaq üçün seçiləcək.
 
Bundan başqa, İttifaqın rəhbər heyəti, o cümlədən növbəti baş katib, baş katibin müavini, Radiorabitə, Telekommunikasiya Standartlaşdırması və Telekommunikasiya sektorunun inkişafı üzrə direktor postlarına da seçkilər keçiriləcək.
 
Xatırladaq ki, 1992-ci ildən BTİ-nin üzvü olan Azərbaycan 2014-cü ildə Şuranın üzvü seçilib və bu illər ərzində Şuranın fəaliyyətində fəal iştirak edir.





 







NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL