Malayziyanın “The Imagineering Institute” beynəlxalq elmi tədqiqat laboratoriyasının əməkdaşları internet vasitəsilə qoxular yayan qurğu yaradıblar. Bunun üçün eksperiment iştirakçılarının burnuna “elektron iyləri” beyinə ötürməyə imkan verən elektrodlar quraşdırılıb.
“ICTnews” Elektron Xəbər Xidməti “Vesti” resursuna istinadən yazır ki, eksperimentdə 31 nəfər iştirak edib. Alimlərin məqsədi onların hər birinin eyni qoxunu hiss etməsi olub.
Məlumata görə, tam uğur qazanmaq hələlik mümkün olmayıb. Belə ki, kompüter tərəfindən yaradılan virtual iyləri eksperiment iştirakçılarının hər dörd nəfərdən biri hiss edib. Bundan başqa, insanlar öz hisslərini kifayət qədər yayğın şəkildə təsvir ediblər. Qoxular “meyvəli”, “şirin” və ya “kimyəvi” olub.
Layihə müəllifi Karun Karunanayaka qeyd edib ki, əksər iştirakçıların burnuna elektrodun yerləşdirilməsi xoş olmayıb. Bu səbəbdən onların bəzisi sınaqlarda iştirakı davam etdirməkdən imtina edib.
Hazırda Malayziya tədqiqatçıları rəqəmli qoxuların beyinə elektroddan istifadə etmədən ötürülməsi, eləcə də bu hissləri daha dəqiq etmək üzərində çalışırlar.