waplog

İKT biliyinə malik ən yaxşı 10 tələbə Çində təlimlərə göndərilir


Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və "Huawei" şirkətinin birgə tərəfdaşlığı ilə həyata keçirilən  "Seeds for the Future" proqramı çərçivəsində  İKT biliyinə malik ən yaxşı 10 tələbə Çinə 2 həftəlik təlimə göndərilir. Çinə səyahət imkanı qazanan tələbələrin adı ADA Universitetində keçirilən final seçimində açıqlanıb.

"Seeds for the Future" proqramına əsasən, dünyanın 200-dən çox ali məktəbində texniki ixtisaslarda təhsil alan və telekommunikasiyalarla maraqlanan ən yaxşı tələbələr Çində "Huawei" şirkətinin baş qərargahında təlim keçirlər. Təlimlərin proqramına Şençjendə informasiya və kommunikasiya texnologiyaları sahəsində nəzəri və praktiki məşğələlərin aparılması, Pekində Çin dilinin və mədəniyyətinin öyrənilməsi daxildir. Tədris kursu imtahanın verilməsi ilə başa çatacaq. İmtahandan sonra tələbələrə sertifikatlar təqdim olunacaq.

Azərbaycanda "Seeds for the Future" təşəbbüsü 2016-cı ildən Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tərəfdaşlığı ilə həyata keçirilir. 2016-cı ildə baş tutan ilk təlimlərdə Naxçıvandan 6 tələbə iştirak edib. 2017-ci ildə isə Çinə getmək imkanı əldə edən tələbələrin sayı 10-a çatıb.

15 ildir Azərbaycanda təmsil olunan "Huawei" şirkəti 2000-ə qədər insanı işə cəlb edib. Ölkənin sosial həyatında iştirak edən şirkət "Gözəl Azərbaycan" sosial layihəsini həyata keçirir. Bu layihə dörd komponentdən ibarətdir – "Gözəl ağıllar", "Gözəl mədəniyyət", "Gözəl insanlar" və "Gözəl təbiət". Bu layihə Azərbaycanın dünyada daha çox tanıdılması məqsədini daşıyır.

Mənzil-qərargahı Şençjen şəhərində olan Çinin "Huawei" şirkəti dünyada telekommunikasiyalar sahəsində fəaliyyət göstərən ən böyük şirkətlərdən biridir. Bu gün planetimizin əhalisinin üçdə biri dünyanın 170 ölkəsində "Huawei" şirkətinin məhsul və xidmətlərindən istifadə edir.












NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL