waplog

Azərbaycan və Rusiya İKT və nəqliyyat sahələrində ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə ediblər


Azərbaycan Respublikasının nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə Rusiya Federasiyasının rəqəmsal inkişaf, rabitə və kütləvi kommunikasiyalar naziri Konstantin Noskovla görüşüb. Nazirlər informasiya texnologiyaları, poçt və telekommunikasiya sahələrində Azərbaycan-Rusiya əməkdaşlığını müzakirə ediblər.

Ölkələr arasında informasiya təhlükəsizliyi sahəsində əməkdaşlıq, informasiya-kommunikasiya sahəsində təhsil, "ağıllı" şəhər konsepsiyasının inkişafı, mobil rabitənin keyfiyyətinə nəzarət, beynəlxalq rouminq tariflərinin aşağı salınması məsələləri ətrafında fikir mübasiləsi aparılıb.

Rusiya tərəfi radiotezlik spektrindən istifadəyə görə ödəniş proseduru, həmçinin Rusiya Federasiyasında 2014-cü ildən rəqəmli bərabərsizliyin aradan qaldırılması proqramı çərçivəsində universal rabitə xidmətləri istiqamətində həyata keçirilən islahatlar barədə məlumat verib.

Ramin Quluzadə ölkəmizin sahə üzrə ikitərəfli əməkdaşlığın inkişafında, eləcə də Rusiya şirkətləri ilə əlaqələrin genişləndirilməsində maraqlı olduğunu bildirib.

Nazir Rusiyaya məxsus "MegaFon" operatoru tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərində qanunsuz fəaliyyətinin qarşısının alınması üçün birgə tədbirlərin təşkil olunmasının vacibliyini qeyd edib.
Rusiya tərəfi qeyd olunan şirkət tərəfindən işğal olunmuş ərazilərimizdə heç bir fəaliyyət həyata keçirilmədiyini qeyd edib və bununla bağlı nazirliyə rəsmi məlumatın göndəriləcəyini bildirib.

Bundan başqa, Azərbaycana daxil olan beynəlxalq giriş trafikinin tam həcmdə yüksək keyfiyyətli birbaşa kanallarla ötürülməsinin təmin edilməsi də müzakirə mövzusu olub. 

Eyni zamanda, poçt sahəsində regional əməkdaşlığın təşkil olunması və iki ölkə arasında beynəlxalq poçt daşımalarının mübadiləsində qarşılıqlı güzəştli çatdırma tariflərinin tətbiqi məsələsinin araşdırılması, "Azərpoçt" MMC və "Rusiya Poçtu" arasında beynəlxalq poçt rabitəsi sahəsində əməkdaşlıq haqqında sazişin imzalanması qərara alınıb. 

Görüşün sonunda cari ilin 4-7 dekabr tarixlərində Bakı şəhərində keçiriləcək "Bakutel-2018" 24-cü Azərbaycan  Beynəlxalq  Telekommunikasiya,  İnnovasiya  və Yüksək Texnologiyalar  sərgi-konfransında Rusiya şirkətlərinin iştirakları barədə danışıqlar aparılıb.

Səfər çərçivəsində Rusiya Federasiyasının nəqliyyat nazirinin müavini Sergey Aristovla təşkil olunmuş görüşdə isə cari ildə Soçi şəhərində imzalanmış Yol xəritəsi və "Şimal-Cənub" nəqliyyat dəhlizinin inkişafı, eləcə də, Samur körpüsünün tikintisinin cari vəziyyəti ilə bağlı məsələlər ətrafında müzakirələr aparılıb.

Görüşdə iki ölkə arasında dəniz nəqliyyatı sahəsində saziş layihələrinin imzalanmasının vacibliyi xüsusi qeyd olunub.

Hər iki görüşdə Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu iştirak edib.







NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL