“InSight” zondu Mars səthinə uğurlu eniş edib
Noyabrın 26-da ABŞ-ın “InSight” kosmik aparatı Mars səthinə uğurlu eniş edib.
“ICTnews” Elektron Xəbər Xidməti “NEWSru” resursuna istinadən yazır ki, məlumata görə, seysmoloji tədqiqatlar üçün nəzərdə tutulan və bu ilin mayında “Atlas V” raketdaşıyıcısı vasitəsilə buraxılan zond Mars ekvatoru yaxınlığında Elizium vulkan yaylasının qərb hissəsinə enib. Qırmızı planet səthinə toxunuş Moskva vaxtı ilə saat 22:54-də – atmosferə çıxdıqdan 7 dəqiqə sonra qeydə alınıb. Tezliklə aparat ilk şəkli Yerə ötürüb, bir qədər sonra digər fotoşəkilləri göndərib.
Missiya ilə birlikdə buraxılan iki “Mars Cube One” peyki planet yaxınlığından uçub gedən zaman siqnalın eniş platformasından yerüstü stansiyalara ötürülməsini təmin edərək əvvəlcə eksperimental xarakter daşıyan vəzifəsinin öhdəsindən uğurla gəlib.
Bildirilir ki, zondun əsas vəzifəsi Marsın daxili quruluşunun və planet təkində geoloji proseslərin tədqiqindən ibarətdir. Zond bir neçə cihaz, iki kamera, hava ötürücüsü və künc reflektoru ilə təchiz edilib. “InSight” aparatının əsas alətləri tektonik aktivliyin ölçülməsi və meteoritlərin düşməsinin qeydiyyata alınması üçün nəzərdə tutulan “SEIS” seysmometri, eləcə də “HP3” elektromexaniki burovudur. Hər iki alət eniş platformasının yanında işləyəcək. Onları platformaya 2,4 metr uzunluğunda “IDA” robotlaşdırılmış əl yerləşdirəcək.
Missiyanın planı 5 metr dərinliyində quyunun qazılmasını nəzərdə tutur. Ora Mars süxurunda istilik axınlarının ölçülməsi və onun tərkibinin dolayı qiymətləndirilməsi üçün temperatur ötürücülərinə malik lent yerləşdiriləcək.
Nizam Nuriyev
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL