waplog

“Bakutel-2018”– 24-cü Azərbaycan Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar sərgi və konfransına həsr olunmuş mətbuat konfransı keçirilib


Bakıda "Bakutel-2018"– 24-cü Azərbaycan Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar sərgi və konfransına həsr olunmuş mətbuat konfransı keçirilib.


Nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə 4-7 dekabr tarixlərində keçiriləcək ölkənin aparıcı ixtisaslaşdırılmış sərgilərindən biri, eyni zamanda Xəzər və Qafqaz regionlarının ən böyük tədbiri  – "Bakutel"də gözlənilən yeniliklərdən söz açıb. E.Vəlizadə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (NRYTN) tərəfindən dəstək göstərilən sərginin adına bu il ilk dəfə innovasiyalar sözünün artırıldığını nəzərə çatdıraraq, bunun təsadüfi olmadığını vurğulayıb. Nazir müavini ildən-ilə genişlənən sərgi-konfransda cari ildə innovativ həllərin, startapların və digər yeniliklərin yer alacağını diqqətə çatdırıb.


Zəngin məzmun və yeniliklər baxımından builki sərginin daha da maraqlı olacağını qeyd edən E.Vəlizadə "Bakutel"in regionun ən nüfuzlu İKT sərgisi adını qazandığını bildirib. Nazirlik rəsmisi qeyd edib ki, yerli və xarici şirkətlər üçün qarşılıqlı tanışlıq və geniş biznes imkanları yaradan sərgidə cari ildə 10 milli pavilyon, o cümlədən Amerika, İtaliya, Polşa, Türkiyə, İran və digər ölkələrin pavilyonları təmsil olunacaq ki, bu da  "Bakutel"ə ildən-ilə artan marağın göstəricisidir. O, əlavə edib ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeli qurumlarının təqdim etdiyi xidmət və həllər də sərgidə təşkil olunan geniş pavilyonda yer alacaq. Bundan başqa, ənənəvi olaraq, "Bakutel" sərgi-konfransı ilə paralel bir çox İKT tədbirlərinin keçiriləcəyini deyən nazir müavini sərginin ziyarətçilər üçün də bir çox maraqlı layihələrlə yaddaqalan və maraqlı olacağını vurğulayıb.


"Caspian Event Organisers" (CEO) şirkətinin direktoru Edvard Stron da "Bakutel" sərgisinin yüksələn nüfuzundan danışıb. Sərgidə cari ildə 20 ölkədən 230 şirkətin iştirak edəcəyini deyən direktor qeyd edib ki, bu, keçən illə müqayisədə 16 faiz artım deməkdir: "Bu, eyni zamanda sərginin profilli olduğuna dəlalət edən faktdır Bundan başqa, bu il artıq 30 faiz yeni zaiyarətçilərimiz var".


Sərginin Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə yanaşı, Beynəlxalq Telekommunikasiya İttifaqı (ITU), Regional Rabitə Birliyi (RRB) kimi beynəlxalq təşkilatlar tərəfindən dəstəkləndiyini diqqətə çatdıran CEO rəhbəri bu əməkdaşlıq üçün minnətdarlığıını ifadə edib. 2018-ci il sərgisinin maraqlı tərəflər üçün yaddaqalan olacağını da deyən E.Stron hər kəsi "Bakutel"-i ziyarət etməyə dəvət edib. 


  "Yüksək texnologiyalar həftəsi" çərçivəsində baş tutacaq ənənəvi "Bakutel" sərgisi təkcə informasiya texnologiyaları sahəsində əldə olunan nailiyyətlərin nümayişi ilə məhdudlaşmır. Sərgi  işgüzar konfransların, perspektivli əməkdaşlıqların, rəqəmli gələcəyin yeni aspektlərinin formalaşması üçün qlobal platforma rolunu oynayır.


Dörd gün ərzində sərginin ekspozisiyası rəqəmsallaşma üzrə müxtəlif həll variantları, "Big Data", "Machine-to-Machine" (M2M), "Əşyalar interneti", bank texnologiyaları, "4-5G" mobil texnologiyaları, fiber-optik və "bulud" texnologiyaları sahəsində xidmətlər, kibercinayətləri aradan qaldırmağın yeni yolları, dövlət xidmətləri, elektron səhiyyə, süni intellekt, mobil cihaz və ləvazimatlar, "ağıllı şəhər", pilotsuz uçuş aparatları və dronların idarəetmə sistemləri və s. kimi tematik bölmələri əhatə edəcək.


Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri İlham Əliyevin sərgini ziyarət etməsi ölkə rəhbərliyinin bu sahəyə göstərdiyi diqqət və qayğının, eləcə də "Bakutel" sərgisinin nüfuzunun göstəricisidir.


"Bakutel-2018" sərgisi Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Beynəlxalq Telekommunikasiya İttifaqı (ITU), Regional Rabitə Birliyi (RRB), Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO), Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) və Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin dəstəyi ilə keçirilir. Sərginin təşkilatçısı "Caspian Event Organisers" ("CEO") şirkətidir. Baş sponsor isə iyirmi ildən artıq tədbirin əsas iştirakçılarından olan "Azercell" şirkətidir.  


Ənənəvi olaraq, sərgini beynəlxalq mütəxəssislər, İKT qurumlarının rəhbərləri ziyarət edirlər. Bu il sərginin fəxri qonaqları arasında Rusiya, Türkiyə, Belarus, Əfqanıstan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, İran, Özbəkistan, Latviya, Bolqarıstanın İKT sahəsi üzrə nazirləri və yüksək rütbəli nümayəndələri yer alıb.


 


"BAKUTEL-2018" – İNNOVASİYALAR MƏKANI


Bu il "Bakutel-2018" dünyanın 20 ölkəsini təmsil edən 230 şirkəti bir araya gətirməklə, əhatə etdiyi sərgi sahəsi üzrə 25% artım nümayiş etdirir. İstifadəçilərə aparıcı İKT şirkətləri, mobil operatorlar, internet provayderləri, sistem inteqratorları, tanınmış brendlərin distributorları və gənc layihəçilər tərəfindən real həll variantları və texnologiyalar təqdim edilir. Bu il sərginin debütantları isə iştirakçıların ümumi sayının 30%-ni təşkil edir. Debütantlar arasında "Silk Way Biznes Aviasiya", Azərbaycan Dövlət Reklam Agentliyi (ADRA), "Sistematiks" (Rusiya), "Suntech" (Polşa), "Azmonbat" (Azərbaycan), "BMS Global" (Azərbaycan), "Hostimul" (Azərbaycan), "IPG IRE-Polus" (Rusiya), "Xerrow Technologies" (BƏƏ) və digərləri yer alır.


Sərgidə 10 ölkə – ABŞ, Türkiyə, Belarus, Birləşmiş Ərəb Əmirlikləri, Fransa, İtaliya, Polşa, Xorvatiya, İran, Sloveniya  milli pavilyonla təmsil olunacaq.


 Sərgi çərçivəsində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeli qurum və müəssisələri eyni milli pavilyonda məhsul və xidmətlərini, həyata keçirdiyi layihələri təqdim edəcəklər. Pavilyonda telekommunikasiya, poçt, yüksək texnologiyalar, o cümlədən nanotexnologiyalar, "Elektron imza" infrastrukturu, "Data Mərkəzi"n "bulud" texnologiyası əsasında xidmətləri üzrə həyata keçirilən layihələr və əldə edilmiş ən son nailiyyətlər, eləcə də nazirlik tərəfindən dəstək alan bir sıra startap layihələri nümayiş olunacaq. Həmçinin, kompleksin ikinci zalındakı ayrıca stenddə e-ticarət ("e-commerce") müəssisələri fəaliyyət göstərəcək.


Sərgidə İKT sahəsində bir çox yerli layihələrlə yanaşı, Azərbaycanın birbaşa iştirak etdiyi beynəlxalq layihələr də öz əksini tapacaq.


Sərginin keçiriləcəyi günlərdə Azərbaycanda poçt rabitəsinin 200 illik yubileyinə həsr olunmuş muzey fəaliyyət göstərəcək.


 Burada poçt tarixinə aid eksponatlar, məktublar, teleqramlar, rabitə qurğuları, kommutator telefonları, "Morze" əlifbası, sahənin dövrlər üzrə rəsmi sənədləri, poçt və rabitə işçisinin geyim formaları, istifadə etdiyi əşyalar, bağlama, məktub, kiçik paketlər və banderol nümunələri nümayiş olunur. Eyni zamanda, II Dünya müharibəsi illərinə aid poçt göndərişləri, əsgər məktubları, poçt qutuları, ötən əsrin 70-80-ci illərinə təsadüf edən poçt nümunələri sərgilənir. Həmçinin Ulu Öndər Heydər Əliyevin hakimiyyəti dövründə poçt sahəsinin inkişafını xarakterizə edən xüsusi guşə fəaliyyət göstərəcək. 


 "Azərpoçt" MMC-nin stendində sərginin bütün iştirakçıları üçün hədiyyəli lotereya keçiriləcək.


Sərginin yeni istiqaməti kiçik və orta müəssisələrin inkişafı Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin dəstəyi ilə reallaşdırılır. Agentliyə məxsus birləşmiş stenddə 10 şirkət təqdim olunacaq: "AG Development", "emobile.az", "Frazex", "Hesab.az", "İDEA Consulting", "iTicket", "Morooq", "Remart Group", "SMART İT" və "Ticketsetup".


Sərgidə debüt edən Azərbaycan Dövlət Reklam Agentliyi xarici reklamların yeni izləmə sistemi ilə çıxış edir. "Eurodesign" şirkəti məhkumlar və təcridxanada saxlanılanlar üçün tele-iştirak texnologiyasını, eləcə də ev dustaqları üçün xüsusi qandal variantlarını təqdim edir.


STARTAPLAR


"Bakutel" sərgisinin təşkilatçıları sənaye liderləri və dövlət strukturları ilə yanaşı, gənc layihəçilərə öz ixtira və proqramları haqqında məlumat vermək üçün şərait yaradılması ənənəsini davam etdirir. Sevindirici haldır ki, bu il sərgidə müxtəlif innovasiya mərkəzlərini təmsil edən rekord sayda – 50-dən artıq startap təmsil olunub. Belə ki, sərgidə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Yüksək Texnologiyalar Parkının İnkubasiya Mərkəzinə məxsus startaplarla yanaşı, Bakıda və regionlarda keçirilən "İdeyadan Biznesə" startap turunun finalçıları, "Barama" ("Azercell Telecom") və "AppLab" ("Bakcell") biznes-inkubasiya mərkəzləri də iştirak edir.


Startaplar öz parlaq innovativ ideyalarını turizm, ekologiya, səhiyyə və maliyyə sektorları üçün təqdim edəcək. Məhsulların əsas hissəsi virtual və artırılmış reallıq texnologiyaları, veb-sayt və mobil tətbiqlərdir.


İŞGÜZAR PROQRAM


Bu il sərginin işgüzar proqramı yenilənərək daha dolğun olacaq. Peşəkar işgüzar tədbirlər artıq 3 dekabr tarixində start götürür. Proqramın açılışı Regional Rabitə Birliyinin Rabitə Administrasiyaları Rəhbərləri Şurasının 54-cü toplantısı ilə baş tutacaq. Bunun ardınca Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin İKT nazirlərinin yüksək səviyyəli görüşü keçiriləcək. Daha sonra estafeti 5 dekabr tarixində "Davamlı inkişaf üçün rəqəmsal əməkdaşlıq" mövzusuna həsr olunmuş Birinci Xəzər İnnovasiya Konfransı qəbul edəcək. Belarus-Azərbaycan 4-cü İKT Forumu  5 dekabr tarixinə planlaşdırılıb.


Xəzər İnnovasiya Konfransının keçirilməsinin təşəbbüskarı Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyidir. Tədbir "Genişzolaqlı rabitə", "Süni intellekt", "Əşyalar interneti", "Elektron xidmətlər", "İKT yönlü startaplar və innovativ sahibkarlıq", "Dördüncü sənaye inqilabı", Elm tutumlu istehsal" və "Kiberhazırlıq" kimi mövzuları əhatə edir. Birinci Xəzər İnnovasiya Konfransı hökumət nümayəndələri, sənaye liderləri, tənzimləyici struktur və beynəlxalq təşkilatların rəsmi təmsilçilərini, o cümlədən nəhəng regional telekommunikasiya və peyk operatorlarının rəhbərlərini bir araya gətirəcək. Konfrans İKT sahəsinin bütün iştirakçıları arasında səmərəli əməkdaşlığın müzakirə edilməsi üçün regional platforma funksiyasını yerinə yetirəcək, eləcə də bu sahədə tapşırıqların həllinə kömək edəcək. Gələcəkdə bu konfransın beynəlxalq "Bakutel" sərgisi çərçivəsində hər il keçirilməsi planlaşdırılır.


Ötən ildən etibarən sərgi çərçivəsində "Biznesdən-Biznesə" (B2B)  formatlı görüşlər keçirilir və bu il belə görüşlər 4 dekabr tarixində sərgi iştirakçılarının öz rəqəmsal həll variantlarını təklif edə bilmələri üçün daha geniş tərkibdə keçiriləcək.


Sərgi çərçivəsində qadınlar və onların İKT sahəsindəki roluna da xüsusi diqqət yetirilib. "Bakutel" sərgisi "İKT sahəsində Azərbaycan qadınları" (Femmes Digitales) klubu ilə birlikdə tədbirin ikinci iş günü eksponentlərin iştirakı ilə keçiriləcək axşam ziyafəti çərçivəsində Azərbaycanın informasiya və telekommunikasiya texnologiyaları sahəsində çalışan ən uğurlu qadınlara "AWITA 2018" "Azerbaijan – The Women in IT Award" mükafatının təqdimetmə mərasimi baş tutacaq.


Qeyd edək ki, "Bakutel" 2018 sərgisinin axşam ziyafətinin sponsoru "PASHA Bank", floristik tərəfdaşı isə "Lilac Flower Butik"dir.


Bu il "Bakutel" sərgisi özəl psixoloji inkişaf xüsusiyyətləri olan uşaqlara dəstək göstərir. Belə ki, "Bakutel 2018" sərgisində "İdeyadan Biznesə" layihəsi çərçivəsində ölkənin 8 regionunda keçirilən startap turları zamanı çəkilmiş illüstrativ rəsmlərin xeyriyyə hərracı keçiriləcək. Hərracda toplanmış vəsaitlər "Birgə və Sağlam" İctimai Birliyində reabilitasiya keçən Autizm spektrum pozuntusundan əziyyət çəkən uşaqlara dəstək olmaq üçün xərclənəcək. Qeyd edək ki, bu rəsmlər tanınmış rəssam-illüstrator Mahir Qafarov tərəfindən çəkilib. Həmçinin, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi 6-7 dekabr tarixində Bakıdakı uşaq evlərinin balaca sakinləri üçün "Bakutel" sərgisinə ekskursiya da təşkil edəcək və onlar sərginin pavilyonları ilə tanış olacaq və innovativ oyun zonasında əylənə biləcəklər.


 

"BAKUTEL TECH TALKS"


Bu il təşkilatçılar sərgi çərçivəsində  ilk dəfə olaraq yeni müzakirə platforması "Bakutel Tech Talks" proqramını təşkil edəcək. 5-6 dekabr tarixində "Bakutel Tech Talks" tədbiri bir sıra faydalı məlumatlar və qeyri-adi məzmunu ilə auditoriyanın diqqətini cəlb edəcək. 5 dekabr tarixində "Bizimkilər" sessiyası keçiriləcək.


Sessiyanın adını şərtləndirən amil dünyaca məşhur olan xarici İT şirkətlərində çalışan həmvətənlərimizin spikerlər qismində çıxış etməsidir. "Bizimkilər" sessiyasının məqsədi tədbirə toplaşan auditoriyanı nəhəng beynəlxalq İT şirkətlərinin təcrübəsi, eləcə də sənaye yenilikləri və istehsal sirləri ilə tanış etməkdir.


Tədbirdə "Kompüter obrazlarının tanınması üzrə kompleks təlim", "Müasir kompleks proqram təminatı mühəndisliyi", "Sosial robotlar, onların layihələndirilməsi üzrə təmayüllər, eləcə də sosial robotların qlobal bazara daxil edilməsinin mümkün nəticələri", "Süni intellekt tibdə və elmdə: Bilinən-bilinməyənlər, süni intellektin məhdudiyyətləri və mümkün gələcəyi", "Onlayn platformalarda individual tövsiyə sistemləri: Müasir dövrdə proqram təminatının işlənib hazırlanması və onun nəticələri üzrə praktiki nümunənin araşdırılması" üzrə məruzələr təqdim ediləcək.


6 dekabr tarixində "Bakutel Tech Talks" proqramı "Baxış bucağınızı bizimlə İT-iləyin" şüarı altında panel müzakirələr ilə davam edəcək. Burada əsas ideya teleradio yayımı, nəqliyyat, təhsil və turizm kimi müəyyən sahələrdə tələb olunan İT texnologiyaları və həll variantlarının göstərilməsidir. Tədbirin məqsədi rəqəmli innovasiyaların istehlakçıları və təchizatçıları arasında dialoq qurmaqdır.


Elə həmin gün, yəni 6 dekabrda "Bakutel Tech Talks" öz işini "Startap-dan böyük biznesə" sessiyası ilə davam etdirəcək. Startap və gənc iş adamlarının dəvət olunduğu bu sessiyada təcrübəli məruzəçilər dinləyiciləri istənilən ideyanı reallaşdırmağın mümkün olduğuna əmin etməyə çalışacaqlar.


Bütün məruzələrin əsas ideyası startap sisteminin fəaliyyətinin və onların ideyadan işlək biznesə qədər düzgün qurulma qaydalarının izah edilməsidir. Bu sessiya ideyalar tapmaq, reallaşdırmaq, onlardan qazanc əldə etmək, ideyaların düzgün paylaşılmasının əhəmiyyəti barədə məlumat almaq istəyən şəxslər üçün tapıntı olacaq.


Beləliklə, "Tech Talks" proqramında sənayenin ən aktual məsələlərinə toxunulacaq və tədbir ideya rəhbərləri ilə müzakirələr üçün müasir təmayüllü platformaya çevriləcək. Bundan sonra hər il sərgi çərçivəsində "Tech Talks" proqramının keçirilməsi planlaşdırılır.


OYUN ZONASI


Rəqəmsal sahəni təşkil edən texnologiyaların nümayiş olunması və müzakirəsi ilə yanaşı, "Bakutel" həm də yüksək texnologiyaların tətbiqi ilə əyləncəli məhsulların təqdim edildiyi unikal platformadır. Bu il oyun zonası foyedə yerləşəcək və burada rəqəmli muzey, məktəblilər üçün "First Lego League" turniri, "Yüksəklik" kompüter oyunu, milli nağıl qəhrəmanları haqqında "Külək – ilk nağıl qəhrəmanları" virtual nağılları, "3D Production" şirkətinin rəqəmli muzey layihəsi, Azərbaycanın görməli yerlərini çap edəcək "3D" printerlər və dronların şousu təqdim ediləcək. Həmçinin burada "Hədəf" liseyinin interaktiv elm muzeyinin eksponatları da təqdim olunacaq.


İlk dəfə olaraq "Bakutel" sərgisində alman alimlərinin ixtirası olan ultra-modern texnologiyası əsaslı "RoboKeeper" təqdim olunacaq. "RoboKeeper" – dünyanın ən sürətli qapıçısı hesab edilir. Hətta Neymar, Messi və Ronaldinyo kimi dünya futbol ulduzları bu qapı keşikçisini məğlub edə bilməyiblər.


"Bakutel-2018" sərgisinin ziyarətçiləri və qonaqları "RoboKeeper"ə qol vurmaqda özlərini sınaya biləcəklər. Oyun iştirakçılarına vurduqları hər bir qola görə müxtəlif hədiyyələr təqdim ediləcək. "Bakutel-2018" sərgisinin açılış mərasiminə Azərbaycan klublarının tanınmış futbolçuları, həmçinin Azərbaycan yığmasının baş məşqçisi Qurban Qurbanov dəvət olunub. Onlar ən sürətli qapıçının qapısına qol vurmağa cəhd edəcəklər.


Ənənəvi olaraq uşaqlar üçün əyləncə zonası Bakı Ekspo Mərkəzinin foyesində yerləşəcək və burada "Bagçam.az" şəbəkəsinin peşəkar müəllim və tərbiyəçiləri uşaqları maarifləndirici oyunlara, habelə faydalı və əyləncəli tədbirlərə cəlb edəcəklər. Builki sərgilərin tərəfdaşları arasında rəsmi səyahət agentliyi "Premier Tour" şirkəti, o cümlədən "Hyatt Regency" və "Qafqaz Hotels & Resorts" mehmanxanaları yer alır. 4-7 dekabr tarixlərində sərgiyə giriş sahə mütəxəssisləri, iş adamları, həmçinin tələbələr üçün açıq olacaq. Yaşı 17-dən az olan şəxslər sərgini yalnız 6 və 7 dekabr tarixlərində ziyarət edə bilərlər.


Sərgi zamanı "Bakutel-2018" sərgisinin gündəlik xəbərləri" qəzetinin xüsusi buraxılışı dərc ediləcək. Bu qəzetdə sərgi iştirakçıları və sərgi çərçivəsində keçirilən tədbirlər barədə ətraflı məlumatlar yer alacaq.


"Bakutel Exhibition News" dərgisinin sponsoru qismində isə bu il Bakı Konqres Mərkəzi çıxış edir.


Bu il sərginin üçüncü iş günü Azərbaycanda rabitə və informasiya texnologiyaları işçilərinin peşə bayramına təsadüf edir. Fürsətdən istifadə edərək, bu əlamətdar bayram münasibəti ilə rabitə və informasiya texnologiyaları işçilərini səmimi qəlbdən təbrik edir və hər kəsə uğurlar arzulayırıq!


 Sərgi haqqında ətraflı məlumatı www.bakutel.az rəsmi saytından əldə edə bilərsiniz.













NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL