48-ci beynəlxalq epistolyar inşa müsabiqəsinə start verildi
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi "Azərpoçt" MMC Təhsil Nazirliyi ilə birgə iki mövzu üzrə epistolyar inşa müsabiqəsinə start verir.
Sözügedən müsabiqə Ümumdünya Poçt İttifaqının (ÜPİ) tövsiyəsi əsasında ənənəvi olaraq hər il təşkil olunur.
Builki müsabiqəyə Ümumdünya Poçt İttifaqı tərəfindən "Öz qəhrəmanın haqqında məktub yaz" mövzusu (15 yaşa qədər olan məktəblilər), "Azərpoçt" MMC tərəfindən isə "Mən fəxr edirəm ki, azərbaycanlıyam" mövzusu təklif edilib.
"Azərpoçt" MMC-nin qeyd olunan mövzunu təklif etməsi 2019-cu ildə Ümummilli lider Heydər Əliyevin ilk dəfə Azərbaycana rəhbərlik etməsinin 50 illiyi ilə əlaqədardır.
Qeyd edək ki, Azərbaycan, rus və yaxud ingilis dillərindən birində yazılacaq inşaların həcmi 1000 sözdən artıq olmamalıdır.
Müsabiqədə iştirak etmək istəyən hər bir şagirdin inşa yazısı iştirakçı vərəqi ilə birlikdə 01 aprel 2019-cu il tarixinə qədər rayon Poçt filialları üzrə yerli Poçt filiallarına, Bakı şəhəri üzrə isə "Azərpoçt" MMC-yə (ünvan: Bakı şəhəri, Üzeyir Hacıbəyov küçəsi 36, poçt indeksi: AZ1000) göndərilməlidir.
Hər mövzu üzrə 1-ci yerin sahiblərinə 200 manat, 2-ci yerin sahiblərinə 150 manat, 3-cü yerin sahiblərinə 100 manat və həvəsləndirici yerlər üzrə qaliblərin hər birinə 80 manat məbləğində pul mükafatları, eyni zamanda Fəxri fərman və hədiyyələr təqdim olunacaq.
Məlumat üçün bildirək ki, Ümumdünya Poçt İttifaqının təklif etdiyi mövzu üzrə qalib elan edilən şagirdin inşa yazısı Azərbaycan Respublikası adından Ümumdünya Poçt İttifaqının İsveçrənin Bern şəhərində yerləşən mərkəzi ofisinə göndərilir. Müsabiqənin şərtlərinə görə, toplanan inşalar YUNESKO-nun təşkil etdiyi münsiflər heyətinə təqdim olunur. Sonda 3 əsas qalib və 5 laureat müəyyən olunur.
Qaliblər qızıl, gümüş, bürünc medallarla, laureatlar isə xüsusi hədiyyələrlə mükafatlandırılır.
Qızıl medalın sahibi olan məktəbli ÜPİ-nin Beynəlxalq Bürosunun mükafatını almaq üçün Bern şəhərinə dəvət olunur. Gümüş və bürünc medalların sahiblərinin adları ən yaxşı inşa yazısı ilə birlikdə "Poçt ittifaqı" jurnalında çap olunur.
Beynəlxalq Büro bu hadisənin mətbuatda hərtərəfli işıqlandırılmasını təmin etməklə, ictimaiyyətin diqqətini laureatların aid olduğu ölkələrə cəlb edir. Mükafatlandırma mərasimi hər il 9 oktyabrda Ümumdünya Poçt Günü keçirilir.
Xatırladaq ki, "Azərpoçt" MMC 1993-cü ildən ÜPİ-nin üzvüdür.
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL