waplog

“CERT xidmətləri: kibertəhlükələr və onlardan mühafizə üsulları” respublika elmi-praktiki seminarı keçirilib


"Kibertəhlükəsizlik həftəsi" çərçivəsində 14 mart 2019-cu il tarixində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Xüsusi Dövlət Mühafizə Xidməti və AMEA İnformasiya Texnologiyaları İnstitutunun birgə təşkilatçılığı ilə "Azərbaycan Respublikasında CERT xidmətləri: kibertəhlükələr və onlardan mühafizə üsulları" respublika elmi-praktiki seminarı keçirilib. Tədbirin keçirilməsində əsas məqsəd ölkədə fəaliyyət göstərən CERT xidmətlərinin nailiyyətləri, gələcək vəzifələri, insidentlərlə bağlı aidiyyəti qurumlar arasında informasiya mübadiləsi, beynəlxalq əməkdaşlıq perspektivləri, müvafiq xarici strukturlara inteqrasiya məsələlərinin müzakirəsi olub.

Tədbirdə Nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə, AMEA-nın akademik-katibi, AMEA İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev, Xüsusi Dövlət Mühafizə Xidmətinin Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyinin rəis müavini Azər Əhədov çıxış edərək ölkəmizdə özəl və digər qurumların kibertəhlükəsizlik sahəsində maarifləndirilməsi və informasiya təhlükəsizliyi mədəniyyətinin formalaşdırılması, informasiya proseslərinin mühafizəsi, informasiya resurslarının və sistemlərinin mümkün təhdidlərdən qorunması, kibertəhlükəsizlik sahəsində ümummilli hazırlıq səviyyəsinin qaldırılması istiqamətlərində görülən işlər haqqında məlumat veriblər.

Daha sonra Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinin rəisi Faiq Fərmanovun "Elektron Təhlükəsizlik Xidmətinin (www.cert.az) fəaliyyət istiqamətləri", İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdiri, dos. Yadigar İmamverdiyevin "CERT-lərin təkamülü: yeni trendlər və çağırışlar", Xüsusi Dövlət Mühafizə Xidmətinin Xüsusi Rabitə və İnformasiya Dövlət Agentliyinin idarə rəisi Tural Məmmədovun "Yeni nəsil təhdidlərlə mübarizədə "CERT.gov.az"ın fəaliyyəti. Yeni yaradılmış "Blacklist.gov.az" xidmətinin təqdimatı" mövzularında məruzələri dinlənilib.
 















NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL