waplog

Bakıda biologiya elminin inkişafına həsr olunan seminar keçirilib


Bakıda “Kempinski Badamdar” otelində Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) ilə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi arasında imzalanmış əməkdaşlıq proqramı çərçivəsində Azərbaycanda biologiya elminin inkişafına həsr olunmuş seminar keçirilib.

Tədbirdə akademiklər Mahmud Kərimov, Cəlal Əliyev və Qərib Məmmədov, həmçinin elmi ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Seminarda rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov çıxış edərək biologiya elminin inkişafının XX əsrin ikinci yarısından başlayaraq fizika, riyaziyyat elmlərinin, informasiya texnologiyalarının tətbiqi nəticəsində yeni istiqamətlərin yaranması və inkişafı ilə səciyyələndiyini bildirib. Bu istiqamətdə kompyuter elmləri və bioinformatika sahəsində böyük nailiyyətlər əldə olunmaqdadır.

Bioinformatika iki böyük elmi istiqamətin - birincisi biotexnologiyalar və informatika texnologiyalarının köməyi ilə bioloji problemlərin həlli üçün bioloji informasiyaların toplanması, onların istifadəsi, əldə olunan biliklər və yeni kəşflərin meydana çıxması, ikinci tərəfdən isə genetik məlumatların əldə edilməsi, onların təkamülü və istifadəsi ilə xarakterizə olunur.

Diqqətə çatdırılmışdır ki, Azərbaycanda bioinformatikanın inkişafı ötən əsrin 70-ci illərinin sonunda bu sahəyə riyaziyyatçılar cəlb edilməklə başlanıb. Respublikamızda elmin bu sahəsinin ideya rəhbəri, yaradıcısı və himayədarı isə məhz akademik Cəlal Əliyev olub.

Məhz həmin illərdə akademik Cəlal Əliyev tərəfindən ali məktəblərin biologiya, kimya, fizika, riyaziyyat, aqrokimya üzrə məzunlarından elmi kollektivin hazırlanmasına başlanıb.

Bu elmi ixtisasların bir-birinə qovuşması nəticəsində respublikamızda ilk dəfə biologiya və kənd təsərrüfatının bir çox nəzəri və praktiki məsələlərinin həllində riyazi metodlardan və kompyuter texnologiyalarından istifadə edilib.

Təsadüfi deyildir ki, Azərbaycanda ilk və yeganə Bioinformatika laboratoriyası da AMEA Botanika İnstitutunda akademik Cəlal Əliyevin rəhbərlik etdiyi bioloji məhsuldarlığın fundamental problemləri şöbəsində yaradılmışdır və uğurla fəaliyyət göstərir.

Keçmiş sovet məkanında bioinformatikanın ən çox inkişaf etdiyi respublika Rusiyadan sonra məhz Azərbaycan olub. Vaxtilə keçmiş SSRİ Elmlər Akademiyasının Molekulyar Biologiya İnstitutunda, SSRİ Elmlər Akademiyasının Sibir bölməsinin Sitologiya və Genetika İnstitutunda və Novosibirsk Dövlət Universitetində hazırlanmış azərbaycanlı alimlər bu gün ölkəmizdə və onun hüdudlarından çox-çox uzaqlarda fəaliyyətlərini uğurla davam etdirirlər.

Görkəmli alim Cəlal Əliyevin yaratdığı elmi məktəbin davamçıları hazırda MDB, ABŞ, Kanada, Yaponiya, Koreya Respublikası, Avstraliya, İsrail və Avropa ölkələrinin nüfuzlu elmi mərkəzlərində, universitetlərində elmi nailiyyətləri ilə tanınaraq ölkəmizə şərəf gətirirlər.

Bildirilmişdir ki, akademik Cəlal Əliyevin tələbələri arasında bu gün məruzələrlə çıxış edəcək Bakı Dövlət Universitetinin tətbiqi riyaziyyat fakültəsinin məzunu, riyazi biologiya, kompyuter biologiyası və bioinformatika sahəsində tanınmış mütəxəssis, Böyük Britaniyanın Kembric Universitetinə dəvət olunmuş ilk azərbaycanlı alim, professor Qərib Mürşüdov və Bakı Dövlət Universitetinin fizika fakültəsinin məzunu, dünyanın qabaqcıl ölkələrinin aparıcı institutlarında çalışmış, ABŞ-ın Birləşmiş Genom İnstitutunun enerji şöbəsinin əməkdaşı Asəf Salamov da vardır.

Hər iki alim 2010-cu ildə Azərbaycan Respublikası Prezidenti yanında Elmin İnkişafı Fondunun keçirdiyi müsabiqənin qalibi olmuş akademik Cəlal Əliyevin rəhbəri olduğu beynəlxalq layihənin əsas iştirakçılarındandır.

Sonra tanınmış azərbaycanlı alimlərin - Qərib Mürşüdovun “Makromolekulyar rentgen kristalloqrafiyası və zülal verilənlər bankı, etibarlı informasiyanın toplanması və istifadəsi”, Asəf Salamovun “Enerji və ətraf mühitin genomikası” mövzularında məruzələri dinlənilib. Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL