waplog

Bakının ali təhsil müəssisələrini əhatə edən 3 günlük startap müsabiqəsi keçirilir


Bu gündən etibarən "İdeyadan Biznesə" layihəsi çərçivəsində Bakının ali təhsil müəssisələrini əhatə edən 3 günlük startap müsabiqəsi keçiriləcək.

 

ADA Universitetində keçirilən startap marafonunda 10-dək ali təhsil məktəbinin startap komandası öz layihələrini münsiflər heyəti qarşısında təqdim edəcəklər.

 

Müsabiqədə Bakı Dövlət, Azərbaycan Texniki, Azərbaycan Memarlıq və İnşaat, Azərbaycan Dövlət Neft və Sənaye, Bakı Mühəndislik, ADA, Tibb və Qərbi Kaspi universitetlərinin, Bakı Ali Neft Məktəbinin tələbələri iştirak edir.

 

20 aprel tarixində isə ali təhsil müəssisələri arasında startap müsabiqəsinin finalı təşkil olunacaq. Müsabiqə iştirakçılarının layihələri münsiflər heyəti tərəfindən ideyanın unikallığı, bazar potensialı, investisiyanın mənfəət müddəti, ilkin xidmətin/prototipin hazırlanmasına tələb olunan müddət, komandanın ideyanı gerçəkləşdirmə qabiliyyəti kimi kriteriləri üzrə qiymətləndiriləcək.

 

Qalib komandalar avqust ayının sonlarında 12 regionun da qalibləri ilə birgə "İnnocamp" yay düşərgəsində iştirak etmək hüququ qazanacaq.

 

Oktyabrda keçirilən ümumrespublika finalında 1, 2 və 3-cü yerlərin qalibləri müəyyən olunacaq.

 

Milli Finalda təşkilatçılar və tərəfdaşlar qalib gələcək ilk üç yerin sahiblərini mükafatlandıracaqlar. Həmçinin onlara ideyalarını biznesə çevirmək üçün maliyyə dəstəyi göstəriləcək.

 

Finalçılar və hər region üzrə I yerin qalibləri isə dekabr ayında keçiriləcək "Bakutel-2019" 25-ci Yubiley Azərbaycan Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar Sərgisində öz layihələrini iştirakçılara və eyni zamanda investorlara təqdim etmək şansı qazanacaqlar.

 

Xatırladaq ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Heydər Əliyev Fondunun "Regional İnkişaf" İctimai Birliyi, Azərbaycan Respublikasının Gənclər Fondu, Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı, "Azercell" və "Microsoft" şirkəti ilə birgə reallaşdırılan "İdeyadan Biznesə" startap turlarının Sabirabad, Sumqayıt, Gəncə, Göyçay, Tovuz şəhərləri üzrə qalibləri artıq məlumdur.

 

Naxçıvan, Lənkəran, Zaqatala, Tovuz, Şamaxı və Şəkinin startap turlarında "http://www.i2b.az" saytında qeydiyyatdan keçərək iştirak etmək mümkündür.

 

Qeyd edək ki, ötən il 8 regionda, 16 ali təhsil, 3 ümumtəhsil müəssisəsində "İdeyadan Biznesə" layihəsi çərçivəsində startap turları keçirilib. Startap marafonuna 7 ay ərzində respublikanın ayrı-ayrı şəhər və rayonlarından 2 mindən çox iştirakçı qatılıb. Ümumilikdə seçilən 75 komandadan 13-ü respublika finalında iştirak hüququ qazanıb.

 

Finalda 3 layihə qalib olub, daha 4 layihə isə tərəfdaşlar tərəfindən mükafatlandırılıb.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL