waplog

“I2B-İdeyadan biznesə” növbəti dəfə Lənkəranda


"I2B-İdeyadan biznesə" layihəsi çərçivəsində növbəti startap turu Lənkəran şəhərində keçirilib.

 

Lənkəran şəhər Heydər Əliyev Mərkəzində keçirilən startap turuna Lənkəranla yanaşı, Astara, Masallı, Lerik, Yardımlı, İmişli, Cəlilabad, Biləsuvar, Ucar və digər ətraf regionlardan olan 100-dən çox gənc qatılıb.

 

Tədbirin informativ hissəsində layihənin konsepsiyası, məqsədi və hədəfləri barədə iştirakçılar məlumatlandırılıb.

 

Daha sonra Heydər Əliyev Fondunun "Regional İnkişaf" İctimai Birliyinin könüllülərinin də fəal iştirakı ilə 13 komanda formalaşdırılıb.

 

Mentorlar təqdimatların düzgün hazırlanması, uğurlu biznes-planın tərtib olunması, eləcə də startap-komandaların və ideyaların formalaşdırılması üsulları ilə bağlı iştirakçıları müsabiqəyə hazırlayıblar.

 

Komandalar arasında keçirilən müsabiqədə onlar ideyalarını münsiflər heyəti qarşısında təqdim ediblər.

 

Nəticədə Lənkəran şəhəri üzrə 1-ci, 2-ci və 3-cü yerlərin qalibləri müəyyənləşib. Birinci yerin sahibi "See me" layihəsi, "Clever ring" ideyası ikinci, "Hay taksi" layihəsi isə üçüncü olub. Dövlət İdarəçilik Akademiyasının tələbələrinin "Let's codex" layihəsinin isə Bakının ali təhsil müəssisələrini əhatə edən startap müsabiqəsinin nəticələriylə birgə qiymətləndirilməsi qərara alınıb.

 

Qalib komandalar avqust ayının sonlarında 12 regionun da qaliblərinin iştirak edəcəyi "İnnocamp" yay düşərgəsinə vəsiqə qazanıb. Yay düşərgəsində "I2B-İdeyadan Biznesə" layihəsinin builki qalibləri mentorların, biznes inkubasiya mərkəzləri nümayəndələrinin, eləcə də psixoloqların dəstəyi ilə finala hazırlıq məşğələlərində iştirak edəcəklər.

 

Oktyabrda keçiriləcək Milli Finalda isə ümumrespublika üzrə 1, 2 və 3-cü yerlərin qalibləri müəyyən olunacaq.

 

Milli Finalda təşkilatçılar və tərəfdaşlar qalib tərəfindən gələcək ilk üç yerin sahibinə ideyalarını biznesə çevirmək üçün maliyyə dəstəyi göstəriləcək.

 

Finalçılar və hər region üzrə I yerin qalibləri isə dekabr ayında keçiriləcək "Bakutel-2019" 25-ci Yubiley Azərbaycan Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar Sərgisində öz layihələrini iştirakçılara və eyni zamanda investorlara təqdim etmək şansı qazanacaqlar.

 

Xatırladaq ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Heydər Əliyev Fondunun "Regional İnkişaf" İctimai Birliyi, Azərbaycan Respublikasının Gənclər Fondu, Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı, "Azercell" və "Microsoft" şirkəti ilə birgə reallaşdırılan "İdeyadan Biznesə" startap turlarının Sabirabad, Sumqayıt, Gəncə, Göyçay, Tovuz və Lənkəran şəhərləri üzrə qalibləri artıq məlumdur.

 

Naxçıvan, Zaqatala, Şamaxı və Şəki startap turlarında isə "http://www.i2b.az" saytında qeydiyyatdan keçərək iştirak etmək mümkündür.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL