waplog

“TransCaspian” və “Road & Traffic” nəqliyyat sərgiləri keçiriləcək


Cari ilin 11-13 iyun tarixlərində Bakı Ekspo Mərkəzində 18-ci Xəzər Beynəlxalq Nəqliyyat, Tranzit və Logistika "TransCaspian 2019" və 9-cu Xəzər Beynəlxalq Yol İnfrastrukturu və İctimai Nəqliyyat  "Road & Traffic 2019" sərgiləri təşkil olunacaq.
 
Sərgilər Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, "TRACECA" Hökumətlərarası Komissiyasının Daimi Katibliyi, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK), Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu və Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin dəstəyi, "Caspian Event Organisers" şirkətinin təşkilatçılığı ilə keçiriləcək.
 
Bu il "TransCaspian"  "Road & Traffic" sərgisi ilə birlikdə 10 ölkədən 75 şirkəti təmsil edən iştirakçıları bir araya gətirəcək.
 
Xəzəryanı regionun aparıcı nəqliyyat tədbirlərindən biri olan bu sərgi dəmiryol, nəqliyyat-logistika xidmətləri və kommersiya nəqliyyatı sahəsində əsas dövlət strukturları ilə kommersiya təşkilatlarını eyni məkana toplayır.
 
Bu il "TransCaspian" sərgisində Azərbaycan, Belarus, Rusiya, Türkiyə, Ukrayna və bir sıra digər ölkələri təmsil edən şirkətlər yeni məhsul və xidmətlərini təqdim edəcək. Bu xidmətlər sırasında dəmiryol nəqliyyatının əyləc sistemləri üçün yeni məhsullar, istənilən növ yük və sərnişin vaqonları, lokomotivlər, motor-vaqon hərəkət heyəti, sürət qatarları və metropoliten qatarları üçün avadanlıqlar, gəmiçilik, sərnişindaşıma sahəsində xidmətlər və istənilən növ yüklərin daşınması, eskalator və onun qovşaqlarının layihələndirilməsi, təmiri və s. yer alacaq.
 
Yükdaşıma və logistika xidmətləri sektorlarını "Ikra Logistika", "AS Prof Logistics", "Absheron Logistics Center" və s. şirkətlər təqdim edirlər. "Belomo" şirkəti isə builki sərgidə debüt edir.
 
Hər il sərgidə "Azərbaycan Dəmir Yolları" QSC, "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC, "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi və digər aparıcı dövlət strukturları, həmçinin kommersiya şirkətləri iştirak edir. Builki sərgidə Belarus Respublikası Nəqliyyat və Kommunikasiya Nazirliyi ilk dəfə çıxış edir.
 
"TransCaspian" sərgisi çərçivəsində 11 iyun tarixində "Transxəzər beynəlxalq nəqliyyat marşrutu" mövzusunda konfrans təşkil ediləcək. Sözügedən konfransda beynəlxalq nəqliyyat marşrutlarının inkişaf perspektivləri və optimallaşdırma yolları, eləcə də beynəlxalq ticarətdə Azərbaycanın oynadığı rol müzakirə predmeti olacaq.

"TransCaspian" sərgisi ilə paralel keçiriləcək "Road & Traffic 2019" sərgisi nəqliyyat infrastrukturu sahəsində Azərbaycanda yeganə ixtisaslaşmış tədbirdir və təkcə yol sahəsinin deyil, həm də yol-inşaat sahəsinin peşəkarları arasında yüksək qiymətləndirilir.
 
Bu il sərgidə Azərbaycan, Almaniya, Rusiya, Türkiyə və bir sıra digər ölkələri təmsil edən şirkətlər yol, körpü və tunellərin layihələndirilməsi və tikintisi üçün məhsul və xidmətlər çeşidi, yol-tunel inşaatı üzrə xidmətlər, yol təhlükəsizliyi vasitələri, yol-inşaat və kommunal texnika, yolların nişanlanması üçün avadanlıqlar, yol işıqlandırma sistemləri, yol nişanları və metal yol sədləri, həmçinin elektron yol monitorları, yol infrastrukturunun layihələndirilməsi üçün proqram təminatı və bir sıra digər məhsul və xidmətləri təqdim edirlər. Sərgidə avtobuslar ekspozisiyası təqdim olunur. Sərginin debütantı "Xaliq Faiqoğlu" ilə yanaşı, "Anadolu Isuzu Otomotiv Sanayi Ve Ticaret A.Ş" və Çinin avtobus istehsalçısı "HİGER" də öz avtobuslarını nümayiş etdirəcəklər.
 
"Road&Traffic" sərgisi çərçivəsində təşkilatçılar tərəfindən "Yol hərəkətinin təhlükəsizliyi" və "Yol Təhlükəsizliyi üzrə Dövlət Proqramı" mövzularında panel müzakirələr aparılacaq. Müzakirə iştirakçıları hərəkətin idarə edilməsi sahəsində mövcud olan problemləri və bu sahədə tətbiq olunmuş yenilikləri müzakirə edəcəklər. Sərginin qonaqları açıq mikrofon vasitəsilə onları maraqlandıran sualları birbaşa ünvanlaya biləcəklər.
 
Sərgilərdə "Yoldaş", "Səyyar biznes avtomobilləri", "Your Trade Way", "Thermonorth", "Cardoctor", "Yolget", "HotelRace" və "Velokuryer" startapları təqdim olunacaq.
 
 
Beləliklə, "TransCaspian" və "Road & Traffic" sərgiləri 3 gün ərzində xarici şirkətlər üçün yerli bazar ilə əlaqə yaratmaq, Azərbaycan şirkətləri üçün dünya bazarına çıxmaq, yeni tərəfdaşlar və dilerlər tapmaq, həmçinin mövcud layihələrin genişləndirilməsi üçün əla imkanlar yaradır.
 
Ətraflı məlumatı "www.transcaspian.az" və "www.roadtraffic.az" rəsmi saytlarından əldə etmək mümkündür.
 



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL