Bu gün Ümumdünya GİS Günüdür
Ümumdünya Coğrafi İnformasiya Sistemləri Günü (GIS - Geographic Information System) 1998-ci ildən etibarən dünyanın müxtəlif ölkələrində qeyd olunur.
Artıq 13 ildir ki, GIS texnologiyalarının müxtəlif fəaliyyət sahələrində tətbiqinin zəruriliyinə çağırış məqsədi daşıyan bu əlamətdar hadisə hər il noyabr ayının 3-cü həftəsində qeyd olunur. Bu il coğrafi biliklər həftəsində keçiriləcək silsilə tədbirlər “Dünyanı GIS vasitəsilə kəşf edək” devizi altında qeyd ediləcək.
Tətbiqi sahələri günü-gündən genişlənən bu texnologiyalardan əksər fəaliyyət sahələrində - torpaq kadastrı, kartoqrafiya, neft və qaz, nəqliyyat, biznes, təhsil, tikinti, ekologiya, seysmologiya, kənd təsərrüfatı və s. geniş istifadə edilir.
ABŞ-ın Milli Coğrafiya Cəmiyyəti, USGS (United States Geological Survey – Birləşmiş Ştatların Geoloji Tədqiqatlar Agentliyi), geoinformasiya sistemləri və məhsullarının istehsalı üzrə məşhur olan ESRI, o cümlədən “Sun Microsystems” və “Hewlett-Packard” kimi bir sıra iri şirkət və təşkilatların təşəbbüsü və himayəsi altında qeyd olunan bu əlamətdar gün dünyanın GIS üzrə peşəkarlarını, həmçinin geoinformatika sahəsində fəaliyyət göstərən təşkilatları, alim və mütəxəssisləri bir araya toplayır.
Həmin gün GIS üzrə mütəxəssislər bu sahədə əldə etdikləri bilik və təcrübələri ilə bölüşürlər, coğrafiya elminin bütün bəşəriyyət üçün vacibliyi, bu sahədə texnologiyaların əhəmiyyəti, müxtəlif real problem və məsələlərin həllində yaratdığı böyük imkanlar haqqında geniş məlumatlar verilir. Bu sahədə həyata keçirilən müxtəlif layihələr, görülən işlər gənc nəslin nümayəndələrinə, ictimaiyyətə təqdim olunur.
GIS-texnologiyalar Yer üzərindəki bütün obyektləri xəritələşdirməyə, onları parametrlərinə görə təhlil etməyə, vizuallaşdırmağa və bu məlumatlar əsasında müxtəlif hadisələri proqnozlaşdırmağa, həmçinin məkan məlumatlarının toplanması və emalına imkan verir.
Bundan əlavə, GIS kartoqrafik informasiya ilə mübadilə üçün də geniş imkanlara malikdir. Bu sistemin köməyi ilə hər hansı elektron xəritə İnternet vasitəsilə Yer kürəsinin istənilən nöqtəsinə ötürülə bilər.
Bu texnologiyalar həm qlobal (iqlim dəyişikliyi, əhali artımı, aclıq, təbii fəlakətlər, ərazilərin çirklənməsi və s.), həm də lokal xarakterli məsələlərin (məntəqələr arasında daha əlverişli marşrutun axtarılması, yeni ofisin yerləşdirilməsi üçün münasib yerin seçimi, evin ünvanla axtarışı və s.) təhlili və eləcə də həllində mühüm rol oynayır.
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL