waplog

Yaponiya “Libra” kriptovalyutasının etibarlılığına şübhə edir


Yaponiya hökuməti "Facebook" şirkətinin tezliklə dövriyyəyə buraxmaq istədiyi "Libra" kriptovalyutasını beynəlxalq pulköçürmələri üçün əlverişli vasitə hesab edir, lakin onun etibarlılığına şübhə ilə yanaşır. Bu barədə "Böyük yeddiliyin" (G7) Fransanın Şantiyi şəhərində keçirilən maliyyə nazirliklərinin və mərkəzi bankların rəhbərlərinin iclasında iştirak edən Yaponiya Baş nazirinin müavini, maliyyə naziri Taro Aso bildirib.

 

"ICTnews" Elektron Xəbər Xidməti "TASS" resursuna istinadən yazır ki, "İstifadəçilər tərəfindən "Libra" beynəlxalq pulköçürmələri üçün əlverişli vasitə kimi qəbul ediləcək, çünki bu, onlara hazırkı pulköçürmələri sistemindən daha ucuz başa gələcək. Lakin kriptovalyutanın etibarlı olacağı isə hələ ki ciddi məsələ olaraq qalır", – Baş nazirin müavini qeyd edib.

 

Bir müddət əvvəl Yaponiya Mərkəzi Bankının sədri Xaruxiko Kuroda da "Facebook"un kriptovalyuta buraxması ilə bağlı narahatlığını ifadə edib. Onun sözlərinə görə, beynəlxalq ictimaiyyət "Libra"ya münasibətdə tənzimləmə tədbirləri barədə fikirləşməlidir, çünki ondan terrorizmin maliyyələşdirilməsi və "çirkli pulların yuyulması" üçün istifadə etmək mümkün olacaq.

 

Bir ay əvvəl "Facebook" şirkəti 2020-ci ildə dövriyyəyə "Libra" adlı kriptovalyuta buraxacağını açıqlayıb. Şirkət nümayəndələrinin sözlərinə görə, rəqəmli valyutanı köçürmək telefona mətnli məlumat göndərmək kimi sadə olacaq. Yeni valyuta blokçeyn texnologiyası – informasiya saxlayan qurğuları ümumi serverə qoşulmayan desentralizasiya olunmuş məlumat bazası əsasında işləyəcək.

 

Bir sıra iri şirkətlər, o cümlədən "Visa", "Mastercard", "PayPal" və "Uber" yeni "Libra" kriptovalyutasının idarəetməsini həyata keçirəcək konsorsiumun yaradılmasına hərəyə 10 milyon dollar yatırmaq niyyətindədir. Bununla yanaşı, ABŞ Prezidenti Donald Tramp daxil olmaqla müxtəlif ölkələrin və milli bankların bir sıra rəsmi nümayəndələri belə maliyyə əməliyyatı formasının cinayətkarlığa yol aça bilməsi ilə bağlı narahatlığını bildirib.

 

Nizam Nuriyev



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL