waplog

Azercell abunəçilərinə 3G xidmətləri göstərməyə başlayır


Azərbaycanın lider mobil operatoru “Azercell Telekom” MMC nəhayət öz abunəçilərinə 3G xidmətlərinin göstərilməsinə start verir. Xatırladırıq ki, şirkətə 3G xidmətləri göstərilməsi üçün Lisenziya hələ bu ilin noyabr ayının 2-də RİTN tərəfindən təqdim olunmuşdu.

Sadəcə olaraq, keçən müddət ərzində, 3G xidmətlərinin göstərilməsi üçün “Azercell Telekom” MMC–yə müvafiq tezliklərin ayrılması barədə Radiotezliklər üzrə Dövlət Komissiyasının 27.08.2011-ci il tarixli, 65 saylı protokol qərarının icrası ilə bağlı bəzi məqamlar həllini tapmadığı üçün 3G xidmətlərinin göstərilməsinə məhz 18.11.2011 tarixdən başlamaq qərara alınmış və bu fakt rəsmən RİTN ilə də razılaşdırılmışdır.

Onu da qeyd edək ki, dünyada ilk dəfə olaraq 4G xidmətini təqdim etmiş TeliaSonera şirkətlər qrupu ailəsinə daxil olan Azercell artıq uzun müddət 3G xidmətlərinin tətbiqinə hazır idi.

Hələ 2009-cu il “BakuTel” Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları Sərgisində şirkət ilk dəfə olaraq 3G texnologiyasını təqdim etmişdi.

Azercell ondan sonra dəfələrlə bəyan edib ki, şirkət yalnız texnoloji baxımdan deyil, həm də müvafiq cihazların təminatı baxımından yeni texnologiyanın tətbiqinə hazırdır.

Növbəti illərdəki “BakuTel” sərgisində Azercell artıq 4G və digər qabaqcıl avadanlıqlar, LBS, RFID texnologiyalarının uğurla təqdimatını keçirmişdi. 3G texnologiyasının tətbiqi üçün lisenziyanın verilməsi Azercell-in 15 illik yubileyi üçün əvəzedilməz və xoş bir hədiyyə oldu.

Qeyd edək ki, 3G vasitəsilə abonentlər 7,2 mbit/s qədər sürətə malik mobil internetdən istifadə edə bilərlər. Bu isə, hazırda istifadə edilən 2G texnologiyasından 20 dəfə artıq sürət deməkdir. Bakı və Azərbaycanın bəzi ərazilərində 3G sürəti, hətta, 21 mbit/s qədər çatacaqdır.

Bu sistemin köməyilə videozənglər etmək, cib telefonundan televiziyaya baxmaq, hadisə yerindən canlı yayım aparmaq, hətta, böyük həcmli video faylları da telefon vasitəsilə göndərmək mümkün olacaq.

Bundan əlavə, 3G sayəsində uzaqdan səhiyyə xidmətləri göstərmək, nağd pul daşımadan hər cür alış-veriş aparmaq, kommunal xərclərin ödənilməsi və bir çox bank əməliyyatlarını da telefondan həyata keçirmək imkanı yaranacaq.

Ən əsası isə odur ki, bu sistemə qoşulmaq üçün Azercell abonentlərinə öz Sim kartlarını yeniləmək lazım gəlməyəcək. Azercell-in 3G sistemindən faydalanmaq üçün yalnız 2525 qısa nömrəsinə “3G” mətnli sms göndərmək kifayətdir. Bu cür sadə qoşulma sistemi daim öz abonentlərinin rahatlığını düşünən Azercell-in təqdim etdiyi üstünlüklərdən biridir.

Beləliklə, Azercell bütün ölkə ərazisini 3G xidmətləri ilə əhatə edəcək. Həm paytaxt, həm də regionlarda Azercell abonentləri keyfiyyətli, sərfəli və ən önəmlisi yüksək sürətli rabitə və mobil internetə çıxış imkanını qazanmış olacaqlar.

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL