Hindistanda "OnePlus 7T" smartfonunun təqdimatı keçirilib.
"ICTnews" Elektron Xəbər Xidməti "iPhones" resursuna istinadən yazır ki, qabaqcıl smartfon 2400 х 1080 piksel təsvir ölçülü və tərəflərinin nisbəti 20:9 təşkil edən 6,77 düym diaqonallı 90 herslik "Fluid AMOLED" ekranla təchiz edilib. Bundan başqa, barmaq izi skaneri displeyin altında yerləşir. Maksimal parlaqlıq nisbəti 1000 kandel kvadratmetrdir.
Məlumata görə, qabaqcıl "Snapdragon 855 Plus" prosessorunun idarəetməsi ilə işləyən yeni modelin operativ yaddaş tutumu 8 giqabayta bərabərdir. Səsi "Dolby Atmos" sistemli stereodinamiklər təmin edir.
"OnePlus 7T" smartfonunun əsas üstünlüyü 3 kameraya malik olmasındadır (əsas kameranın təsvir ölçüsü 48 meqapiksel, enlibucaqlının 16 meqapiksel, ikiqat optik zumlu teleobyektivin 12 meqapiksel təşkil edir). Bundan əlavə, smartfona kiçik obyektlərin çəkilişi üçün makrolinza quraşdırılıb.
"iPhone 11 Pro" modelindən fərqli olaraq "OnePlus 7T" enlibucaqlı kamera ilə portretlər və gecə fotoları çəkir. Akkumulyator tutumu 3800 milliamper/saata bərabərdir.
Oktyabrın 18-dən etibarən ABŞ-da 599 dollara satışa çıxarılacaq "OnePlus 7T" smartfonu "Android 10" əməliyyat sisteminin idarəetməsi ilə işləyəcək. Bu, "Android" sisteminin ən son versiyası ilə işləyəcək ilk smartfon olacaq.