waplog

Avtonom “Xiaomi” çamadanı buraxılıb (VİDEO)


"Xiaomi" şirkəti istifadəçinin arxasınca müstəqil hərəkət edən "ağıllı" çamadan buraxıb. Qurğu "COWAROBOT" şirkəti – dünyanın ilk belə çamadan istehsalçısı ilə əməkdaşlıq çərçivəsində hazırlanıb.

 

"ICTnews" Elektron Xəbər Xidməti "4PDA" resursuna istinadən yazır ki, qulpu irəliyə çəkilən və təkərli adi çamadan şəklində olan yeni qurğunun ölçüsü 555 x 384 x 220 mm, çəkisi 4,5 kq (baqajsız), tutumu 31 litr təşkil edir.

 

Çamadanın qulpuna istifadəçinin üzünü tanımağa və səmti müəyyənləşdirməyə imkan verən kamera quraşdırılıb. Təkərlərdə qurğunu işə salmağa imkan verən sürəti tənzimlənən dörd mühərrik yerləşir. Kompüter görmə texnologiyası qurğuya maneə və digər obyektlərlə toqquşmadan yayınaraq istifadəçinin arxasınca getməyə imkan verir.

 

Çamadanı enerji ilə xüsusi bölmədə quraşdırılan 92 vatt-saat tutumlu akkumulyator təmin edir. Ehtiyac yaranan zaman ondan smartfon və ya digər qurğuların enerji ilə doldurulması üçün istifadə etmək olar. İstehsalçı nümayəndələrinin sözlərinə görə, 5 saat ərzində tam enerji ilə doldurulan qurğu 20 km məsafəni qət edə bilir. Çamadanın korpusunda enerjinin səviyyəsini göstərən işıq diodlu indikator yerləşir. Bu statistikanı çamadanın harada olduğunu bildirən mobil əlavə vasitəsilə izləmək mümkündür.

 

İlk alıcılar üçün qurğunun qiyməti 280 dollar təşkil edir.

 

Nizam Nuriyev

 

 



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL