NATO-ya üzv ölkələr noyabrın 20-də xarici işlər nazirləri səviyyəsində keçirilən iclasda kosmosun alyansın hərbi fəaliyyət sahələrindən biri kimi tanınması və orada silahların yerləşdirilməməsi barədə qərar qəbul edəcək. Bu barədə noyabrın 19-da Brüsseldə keçirilən mətbuat konfransında təşkilatın baş katibi Yens Stoltenberq bildirib.
“ICTnews” Elektron Xəbər Xidməti “TASS” resursuna istinadən yazır ki, onun sözlərinə görə, təşkilat noyabrın 20-də daha bir vacib addım atacaq – kosmik məkanın əməliyyatların aparılması üçün sahələrdən biri kimi tanınması barədə qərar qəbul edəcək. “Bizim yanaşma müdafiə xarakteri daşıyacaq və beynəlxalq hüquqa tam uyğun olacaq. NATO kosmosda silah yerləşdirmək niyyətində deyil”, – Y.Stoltenberq vurğulayıb.
Baş katib qeyd edib ki, bu qərarın qəbul edilməsi həm də Şimali Atlantika Alyansının erkən xəbərdarlıq, rabitə və naviqasiya sistemlərinə ehtiyac duyması ilə əlaqədardır. O xatırladıb ki, kosmik məkanda 2 minə yaxın peyk var və onun təxminən yarısı NATO dövlətlərinə məxsusdur.
Bundan başqa, təşkilat rəhbərinin sözlərinə görə, alyansa üzv ölkələr hərbi hücum kimi qiymətləndirilə bilən kosmik təhlükələrin növlərini öyrənəcəklər. “Biz bu məsələyə həmişə fərdi yanaşacağıq. Hər bir hadisə ayrı-ayrılıqda tədqiq olunacaq və beşinci maddənin (Kollektiv müdafiə haqqında müqavilə) tətbiqinin zəruriliyini müzakirə edəcəyik”, – o əlavə edib.
Nizam Nuriyev