waplog

“Əşyaların interneti: müasir cəmiyyətin təməli” mövzusunda 2-ci Xəzər İnnovasiya Konfransı keçirilib


Bu gün "Bakutel 2019" Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar Sərgisi çərçivəsində 2-ci Xəzər İnnovasiya Konfransı keçirilib. Builki konfrans "Əşyaların interneti: müasir cəmiyyətin təməli" mövzusuna həsr edilib.

 

Konfrans Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təşəbbüsü, Beynəlxalq Telekommunikasiya İttifaqı, BMT-nin Asiya və Sakit okean üzrə İqtisadi və Sosial Komissiyası (UNESCAP), Kembric Mərkəzi Asiya Forumu, "Aztelekom", "Baktelekom" və Məlumat Hesablama Mərkəzinin tərəfdaşlığı, "Azercell"in sponsorluğu ilə təşkil olunub.

 

Tədbiri giriş sözü ilə açan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirinin müavini Elmir Vəlizadə "Əşyaların interneti"nin "5G", bulud texnologiyaları, böyük datalar, süni intellekt kimi texnologiyalar ilə birlikdə sürətlə bütün sahələri dəyişdiyini söyləyib. Yeni texnologiyalar, o cümlədən "Əşyaların interneti"nin bu gün hökumətlərin, beynəlxalq təşkilatların diqqət mərkəzində olduğunu vurğulayan nazir müavini Beynəlxalq Telekommunikasiya İttifaqı, Dünya İqtisadi Forumunun bununla bağlı tövsiyələr hazırladığını diqqətə çatdırıb.

 

Elmir Vəlizadə bildirib ki, nazirliyin tabeliyindəki İnformasiya-Kommunikasiya Texnologiyalarının Tətbiqi və Tədrisi Mərkəzində "Microsoft Azerbaijan" şirkətinin dəstəyi ilə "Əşyaların interneti laboratoriyası" qurulub. "Laboratoriyada "Əşyaların interneti" həllərinin yaradılması üçün hər cür şərait var. Artıq burada yaradılmış bir neçə həll "Bakutel" sərgisinin "Əşyaların interneti" stendində nümayiş etdirilir".

 

Daha sonra Beynəlxalq Telekommunikasiya İttifaqının Baş katibi Houlin Zao çıxış edib. Baş katib bildirib ki, 2025-ci ildə "Əşyaların interneti" bazarının həcminin 1 trilyon dollar olacağı, şəbəkəyə qoşulacaq əşyaların sayının isə 75 milyarda çatacağı proqnozlaşdırılır.

 

Tədbirdə "Əşyaların interneti" üzrə həllərin inkişaf modelləri, habelə infrastruktur, sənaye və kənd təsərrüfatı kimi müxtəlif sahələrdə bu texnologiyaların tətbiqi üçün hüquqi-tənzimləmə məsələləri müzakirə olunub.

 

Konfrans çərçivəsində region ölkələrinin hökumət rəsmiləri, tənzimləyici qurumların rəhbərləri, beynəlxalq təşkilatların, mobil operatorların, qlobal vendorlar və inteqrator şirkətlərin yüksək səviyyəli nümayəndələri bir araya gəlib.

 

Növbəti illərdə Xəzər İnnovasiya Konfransının "Süni intellekt", "Rəqəmsal startaplar və innovativ sahibkarlıq", "Dördüncü sənaye inqilabı", "Elm tutumlu istehsalat", "Kiberhazırlıq" və s. kimi mövzuları əhatə etməsi nəzərdə tutulur.

 

Ötənilki Xəzər İnnovasiya Konfransı "Dayanıqlı inkişaf naminə rəqəmsal bağlantı" mövzusunda təşkil olunmuşdu. Avrasiyanın bir çox ölkələrinin açıq dənizlərə və mövcud genişzolaqlı internet magistrallarına çıxışının olmadığı bir şəraitdə adıçəkilən mövzuda bu cür beynəlxalq tədbirin təşkili böyük əhəmiyyət daşıyırdı.

 

Qeyd edək ki, innovasiya və yüksək texnologiyalar sektorunun bütün iştirakçıları arasında səmərəli əməkdaşlıq imkanlarının müzakirə olunması məqsədilə regional platforma rolunu oynayacaq Xəzər İnnovasiya Konfransının təsis edilməsi təşəbbüsü ilə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi çıxış edib.

 

 

 

 



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL